Bir neçə ay öncə çoxumuzun varlığından belə xəbəri olmadığı Zoom, bugün dünyanın ən çox istifadə olunan proqramlarından birinə çevrilib. Pandemiya nəticəsində dünya ölkələrinin distant təhsilə keçməsi ilə Zoom universitetlərin, məktəblərin bir nömrəli seçimi oldu. Hətta insanlar iş görüşmələrini, iclaslarını belə bu proqram vasitəsi ilə etməyə başladı. Son zamanlarda isə Zoom sahib olduğu bazar dəyəri ilə gündəmdədir.
Verilən məlumatlara əsasən ötən il üçün illik gəliri 623 milyon dəyərində idi. May ayının 15-i üçün bu Zoom-un bazar dəyəri 48.8 milyarda yüksəlib. Ekspertlər proqramın qısa müddət ərzində bu qədər yüksəlməsinin səbəblərinə açıqlama gətiriblər. Bu səbəblərdən biri kimi eyni anda 100 insanın görüntülü şəkildə danışa bilməsini göstərilir. Aparılan sorğular da istifadəçilərin böyük qisminin bu mobil tətbiqdən razı qaldıqlarını, günlük iş rejimlərində rahatlıqla istifadə etdiklərini göstərir.
İqtisadiyyat dünyasına səs salan digər bir məsələ isə Zoom-un hal-hazırda dünyanın ən böyük hava yolu şirkətlərindən daha yüksək bazar dəyərinə sahib olmasıdır. Dünya ölkələrinin koronavirus səbəbi ilə uçuşlara məhdudiyyət qoyması hava yolları şirkətlərinə ağır zərər vurdu. Buna görə də Southwest Airlines, Delta, United, International Airlines Group, Lufthansa, American, Air France kimi şirkətlər ən durğun dövrlərini yaşayırlar.
Bir çoxları Zoom və bunun kimi bir sıra proqramların artıq həyatımızın bir parçasına çevrildiyini deyir. Amma əksər iqtisadçılar yaranmış bu halın uzun müddətli olmayacağını bildirir. İnsanlar bu cür proqramların karantin dövründə onların təhsil və iş həyatlarına çox böyük fayda verdiyini qeyd edirlər. Lakin ənənəvi iş və təhsil sisteminin hər zaman daha dəyərli olduğunu da bildirməyi unutmurlar.
Hava yolları şirkətlərinə gəldikdə isə, artıq bir çoxu gələcək ayda uçuşlara başlıyacağının xəbərini də verib. Dünya əhalisi yenidən tətil və iş səyahətlərini səbirsizliklə gözlədiklərini bildirir. Bu isə onu göstərir ki, karantin rejiminin yumşaldılması ilə qarşıdan gələn aylarda şirkətlər yavaş-yavaş əvvəlki vəziyyətlərinə qayıda biləcək.
“Facebook işlərini tamamilə uzaqdan idarə edəcək” başlıqlı xəbərə nəzər yetirmək üçün buraya klikləyin.