Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Ezgil Medical Technologies” şirkətinin tərəfdaşlığı və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə “Video doktor” mobil tətbiqi hazırlanıb və istifadəyə verilib. Sözü gedən mobil tətbiq distant tibbi konsultasiyaların həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.
Texnoloji start-up- mobil tətbiq
Mobil tətbiq pandemiya dövründə tibb işçiləri və pasiyentlərin sağlamlığını qorumaq üçün təmasların azaldılması, keyfiyyətli tibbi yardımın təmin olunması üçün hazırlanıb. Eyni zamanda xroniki xəstəliklərdən əziyyət çəkən və tibb müəssisələrinə gəlməkdə çətinlik çəkən pasiyentlərə tibbi diqqətdən kənarda qalmamaq imkanını yaradıb.
Video doktor
Yeni istifadəyə verilmiş “Video Doktor” tətbiqindən istifadə həm həkim, həm də pasiyentlər üçün olduqca rahat və asandır. Maraqlıdır ki, tətbiqin köməyi ilə hər bir xəstənin tibbi kartı yalnız poliklinikalara deyil, həmçinin stasionar tibb müəssisələrinə də inteqrasiyası mümkün olur. Bu xəstəliyin gedişatı və müalicə prosesini izləmək üçün imkan yaradır. Üstəlik burada həkim tərəfindən xəstəyə yazılan bütün reseptlərlə də tanış olmaq mümkündür. Bu mobil tətbiq vasitəsilə xəstə qəbul vaxtını təyin etmək və ya müalicə ilə əlaqəli məsələlərə aydınlıq gətirmək üçün istənilən zaman həkimi ilə əlaqə saxlaya bilər. Bundan başqa, xəstə öz mövcud vəziyyəti, yəni temperaturu, nəbzi, təzyiqi, qan şəkəri səviyyəsi haqqında məlumatı əldə edib, sonra onu müalicə edən həkiminə göndərə bilər.
Funksionalllıq
Həkimlər, öz növbəsində pasiyentlərinin xəstəxanadan çıxdıqdan sonra belə vəziyyətlərini izləyə bilərlər. Dünyanın istənilən yerindən hər hansı bir mobil tətbiq istifadəçisi özü haqqında məlumatları xaricdə yerləşən istənilən klinikaların həkimləri ilə asanlıqla bölüşə bilər. Mobil tətbiq analiz cavabları, rentgen nəticələri, peyvəndlər və digər məlumatların “əl altında” olmasını təmin edir. Eyni zamanda, həkimlər istənilən zaman bu tətbiqə daxil olub, xəstənin məlumat bazasını bir-birlərinə göndərib, diaqnoz və müalicə yollarını onlayn şəkildə aralarında müzakirə edə bilərlər.
Uğurlu sınaqlardan keçmiş mobil tətbiq
Bakı şəhərinin poliklinikalarında uğurlu sınaqlardan keçmiş mobil tətbiqin digər dövlət və özəl tibb müəssisələri tərəfindən istifadə olunması nəzərdə tutulub. Tibb işçiləri və yüksək risk qrupuna aid xroniki xəstəlikləri olan pasiyentlərin yoluxma riskinin azaldılmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda, “Video Doktor” mobil tətbiqi tibbi xidmətlərin daha əlçatan olmasına kömək edir. Bu daha çox ölkənin ucqar kəndlər və qəsəbələrində yaşayan vətəndaşlar tərəfindən keyfiyyətli səhiyyə xidmətlərinin əldə edilməsinə aiddir.
Qeyd etmək lazımdır ki, artıq istifadəyə verilmiş “Video Doktor” adlı bu yeni mobil tətbiq istənilən Android və iOS əməliyyat sistemli cihazlara müvafiq olaraq, Google Play (Play Market) və AppStore-dan asanlıqla yüklənilə bilər.
“Tibb tələbələri üçün faydalı 10 mobil tətbiq” başlıqlı məqaləyə nəzər yetirmək üçün buraya klikləyə bilərsiniz.