İctimai Müqavilə – Korporativ Sosial Məsuliyyətə verilən ilkin addır. Çağdaş dünyada biznes və ictimaiyyət arasında münasibətlər kontekstindən məsələyə yanaşıldıqda şirkətlərin KSM fəaliyyətinin birmənalı şəkildə bu ifadənin ətrafında dövr etdiyinin şahidi oluruq.
Çox şükürlər olsun ki, yerli şirkətlərimiz xeyriyyəçilik və Korporativ Sosial Məsuliyyət anlayışlarını fərqləndirmək həddinə nəhayət ki, gəlib çata bilmişlər. Xüsusilə son 3-4 ildə həyata keçirilən layihələr ciddi şəkildə oturuşmuş KSM istiqamətlərinin olmasından xəbər verir. Xüsusi ilə pandemiya və düşmənlə sərhəddə baş verən hadisələr fonunda korporativ vətəndaşlıq prinsiplərinin müxtəlif formada həyata keçirildiyini aydın sezmək mümkündür.
Şirkətlərin müvafiq sahə üzrə sərgilədiyi davranışlar daha çox Avropa modelini xatırladır. Açıq və Qapalı Sosial Məsuliyyət modeli müvafiq olaraq kommersiya təşkilatlarının könüllü olaraq özlərinin müəyyən etdiyi strategiyaya müvafiq olaraq davranış sərgiləmələri və dövlət instututlarının rəsmi tələbləri yaxud qeyri-rəsmi hüquqi əsaslandırmaları üzrə tətbiq edilən fəaliyyətlərdən ibarətdir. Daha sonra nümunələr üzərindən bu abzasa qayıdacağıq.
Dünyada KSM-in bir sıra ümumiləşdirilmiş istiqamətləri mövcuddur:
- İşə qəbul prosesi zamanı cəmiyyətin firavanlığı
- Personalın inkişafı
- Sağlam və təhlükəsiz əmək şəraiti
- Təbii resusrlardan qənaətlə istifadə edilməsi
- Yerli icmaların həyatında iştirak
- Fəaliyyət şəffaflığı
- Fəaliyyət və davamlılıq hesabatları
Siyahını tərsdən oxumaq məcburiyyətindəyik. Fəaliyyət və davamlılıq hesabatları qanunvericiliyin tələblərinə əsasən yalnız maliyyə təşkilatlarını əhatə etməkdədir. Qapalı və açıq modelin birgə inkişafını burda aydın görmək mümkündür. Maliyyə təşkilatlarının əksəriyyəti etibarlı bazar koyukturasının və qanunvericiliyin tələbindən irəli gələn səbəblərdən bu maddəlar üzrə bazarın ən aktiv olan hissəsidir. Digər sektorlarda isə bu funksionallığı görmək demək olar ki, mümkün deyildir.

-
İşə qəbul prosesi zamanı cəmiyyətin firavanlığı
İstiqamətin təfsilatı yerli şirkətlərdə ən az kommunikasiya olunan tərəfdir. Şərti müəyyən ərazidə açılan satış və ya servis məntəqəsinin həmin ərazidə yaşayan nə qədər insanı işlə təmin edilməsi ilə bağlı məlumata rast gəlmisinizmi? Halbuki xüsusilə indiki dövrdə bu çox ciddi üstünlükdür.
-
Personalın inkişafı
Müxtəlif kikoff tipli tədbirlərin keçirilməsi hələ personalın inkişafı demək deyildir. Bu onların rahatlaması və dincəlməsi üçündür. Kvalifikasiyanın yüksəldilməsi üçün təlimlərin təşkili, seminar və konfranslarda iştirakın təmin edilməsi və nəzarət mexanizmlərinin tətbiqi şirkətlərdən personal axınının qarşısının alınması və ümumi iş keyfiyyətinin yüksəldilməsi üçün vacib amildir. Şübhəsiz ki, şirkətlərimiz müxtəlif səviyyələrdə bu amilə diqqət ayırırlar. Ancaq “işləməli şirkət” kimi təqdim edilməsi baxımından nədənsə bundan demək olar ki, istifadə edilmir.
-
Sağlam və təhlükəsiz əmək şəraiti
Bu ilin fevral ayında Cənab Prezidentin “Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır” ifadəsi yadınızdadırmı? Yaxud karantinin yumşaldılan kimi insanların kütləvi toplaşdığı müəssisələrdə müəssisələrin əməkdaşları üçün də maska, dezinfeksiyaedici vasitələrlə bağlı tələblərinin yumşalmasını xatırlayırsınızmı?
Şirkətlər iş zamanı qəza, yorğunluqdan yaranan stress vəziyyəti və əməkdaşlarının xəstələnməsi kimi faktorların azalması üçün fəaliyyətə görə də məsuliyyət daşıyırlar.
-
Təbii resurslardan qənaətlə istifadə edilməsi
Bu mövzu nədənsə məhz böhran zamanı yada düşür. Təbii resurslar, ətraf mühit və ya daha da sadələşdirmə etmək istədim. Kağızdan istifadə ilə bağlı şirkətlərdə əməkdaşlar arasında təlimatlandırılmanın aparılması nə qədər geniş yayılmışdır? Daha çox printerin katrici mövzusu aktualdır məncə. Müvafiq amillərin göstəricilər olaraq təşviq edilərək ölçülən meyarlarla ifadə edilərək daxili kommunikasiyada istifadə edilməsi yerli şirkətlərdə yayğındırmı?
-
Yerli icmaların həyatında iştirak
Bu sahə əsas etibari ilə aktual olaraq tətbiq olunan və kommunikasiya edilən sahədir. Daha doğru yerli şirkətlər KSM anlayışlarını bu mövzu ilə məhdudlaşdırmağa meyllidirlər. Brendin dəyərlərindən biri də üzvü olduğu icmanın həyatına qatdığı dəyərdir. Onun problemlərinə yanaşmanızdakı səmimiyyət, cəmiyyətlə fikir həmrəyliyi və ən əsası onun inkişafına qoyduğunuz investisiya mühüm amildir. Ancaq unudulmamalıdır ki, bu mövzuda xüsusi ilə səmimi olmalısınız. Layihənini büdcəsi yox, şirkətin səmimiyyəti effektivlik baxımından daha vacibdir. Şərti olaraq, əgər Siz “yaşıl” təşkilatıq deyirsinizə, yeni ofisinizi əvvəllər park olmuş ərazidə tikilən binada açmamalısınız. Açmısınızsa buna görə üzr istəməli və əvəzində park salmalısınız.
Yuxarıda sadalananlar xüsusilə abstrak gələ bilər, ancaq ictimai müqavilə faktoru ilə hesablaşmaq lazımdır. İctimai Müqavilədən irəli gələn faktorların bir çoxu ayrıca büdcələrin ayrılmasını tələb etmir. Sadəcə Korporativ Vətəndaşlıq anlayışını şirkətin fəaliyyət planına daxil edilməsi kimi sadə işlərdən başlamaq olar.