Müəssisələrin maliyyə mənbələrini əldə etmək cəhdlərini nəzərə alaraq, maddi resurslarla paralel bəşəri resursları istehsalata səfərbər etmək zəruri ehtiyaca çevrilmişdir. Məqaləmizdə insan resurslarına müxtəlif təriflər verib onu dar, fizioloji çərçivədə analiz etməyəcək, işin içinə psixoloji sərmayə xüsusunu da əlavə edəcəyik. İstehlakçıların sürətlə dəyişən istək, ehtiyac və gözləntilərinin qavranılması vacib amildir. Bunun effektiv idarə edilməsi uğurlu təşkilati sistemin qurulmasını və çalışanların təşkilatla bütövləşərək hədəf istiqamətli performans göstərmələrini təmin etməkdədir.
Haşiyədən kənara çıxaraq bildirək ki, tarix boyu yuxarıda qeyd olunan idarəetmə sistemi mərhələsinə çatmaq heç də bilavasitə baş verməmişdir. Tarixi kontekstdə idarəetməyə yanaşma “idarəetmə irsi prosesdir” fərziyyələri, sənət, elmi və proses yanaşmaları kimi müxtəlif prizmalarda nəzərə çarpmışdır. Son dövrlər müəssisə və təşkilatlarda elmi və prosessual yanaşmaların mövcudluğu rəhbərlərin işçilərlə münasibətdə təşkilati məqsədə çatmasının önəmi artmışdır.
İdarəetmənin proses kimi təzahürü təkcə rəhbərlərin məqsədə çatmasını deyil, həm də işçilərin bu məqsədə hansı dərəcədə töhfə verməsini ön plana çəkir. Deməli, psixoloji sərmayə, əsas etibarilə, alt struktur işçilərinin əqli-mənəvi durumlarını ön plana çıxarır. Qeyd olunanları nəzərə alaraq psixoloji sərmayə anlayışına aşağıdakı şəkildə tərif verə bilərik:
Psixoloji sərmayə – müəssisə və təşkilatlarda məqsədə çatmaq üçün çalışanların əqli, psixoloji, mənəvi durumlarının yaxşılaşdırılması yolu ilə gələcəkdə onların əməyindən yüksək faydalılıq götürülməsini nəzərdə tutan idarəetmə alətidir. Bu alətin işləmə müxanizmi 2 elementin olmasını zəruri edir: intellektual sərmayə və insan sərmayəsi.
İntellektual sərmaye
İntellektual kapital anlayışını ilk dəfə 1991-ci ildə irəli sürən şəxs Tomas Stüard olmuşdur. Onun fikrincə, təşkilatın intellektual sərmayəsi aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
1. İntellektual kapital patent kimi yalnız sabit bir əmlak deyil, həmçinin insani bacarıqlar kimi çevik, dəyişəbilən bir xüsusiyyətə sahibdir;
2. İntellektual sərmayə istehsal və satışda dəyər yaratma prosesinin həm başlanğıc, həm də son mərhələsini əhatə edir.
Qeyd: Çünki intellektual sərmayə istehsalı və müştəri məmnuniyyətini təmin edən biliklər toplusu olaraq dəyərin ölçüsünə təsir edir.
Məsələn, bir satış menecerinin hər hansı bir xidməti korporativ bazarda satmasının uğurlu nəticəsi üçün həmin şəxsin: 1) məhsulun istehsalı və ya yaradılması barədə; 2) məhsulun marketinqinin aparılması qaydaları barədə məlumatlı olması, məhsulun keyfiyyət və kəmiyyət göstəricilərini bilməsi intellektual kapitalın mövcudluğuna misal ola bilər. Satış zamanı isə şəxsin intellektual və elmi bilikləri yüksək səviyyədə olmalı, dünyagörüşü diqqət çəkəcək qədər müştərini cəlb etməlidir.
İntellektual sərmayənin mərhələləri:
1) İntellektual sərmayənin hazırlıq mərhələsi:
a. Vijn, missiya və strategiyanın nəzərdən keçirilməsi;
b. Ehtimalları sıralamaq;
c. Rəhbərlik ilə birgə baxış;
d. Minimum ölçülərə uyğun normativlər təyin etmək;
e. Nəticələri qarşılaşdırmaq.
2) İntellektual sərmayənin icra və nəzarət mərhələsi:
a. Analizləri yoxlamaq;
b. Düzəliş etməyə ehtiyac olduğunda hərəkətə keçmək;
c. Alternativ intellektual sərmayə layihələrini təyin etmək;
d. Seçilmiş alternativlərin tətbiq olunması;
e. İntellektual sərmayə strategiyalarının nəticələrinin ölçülməsi və uyğunlaşdırma;
İntellektual sərmayənin komponentləri
İntellektual sərmayenin komponentləri əsasən, 3 hissədən ibarətdir:
1. İşçi sərmayəsi – Bilik, bacarıq, motivasiya, innovasiya, liderlik bacarıqları, adaptasiya, dəyərlər, iş məmnuniyyəti, öyrənmə və öyrətmə
2. Müştəri sərmayəsi – Müştəri əlaqələri, müştərini əldə saxlama, müştəri məmnuniyyəti, effektiv müqavilələr, etibar, marka imici, satış və bölgü kanalları, tədarükçü işbirliyi və s.
3. Təşkilati sərmayə – Bilik, patentlər, kommersiv markalar, lisenziyalar, əməliyyatlar prosesi mühəndisliyi, standart iş menecmenti, ən yaxşı təcrübələr, məlumat bazaları, informasiya texnologiyaları və s.
İnsan sərmayəsi
İntellektual sərmayə içərisində önəmli və ikinci əsas psixoloji sərmayə növü olan insan sərmayəsi iqtisadi qavramda hələ 2 əsr öncə ortaya çıxmışdır. Lakin bu anlayışın iqtisadi-statistik analizlərdə yer alması isə 1950-ci illərə təsadüf edir. İnsan sərmayəsi intellektual sərmayədən fərqli olaraq, istehsalın nəzəri və elmi aspektlərinə deyil, praktiki-prosessual yönlərinə daha çox istiqamətlənib. İnsan sərmayəsi bir növ insan resursları ilə eyni mənada işlənir. İnsan sərmayəsi özlüyündə nəinki müəssisədaxili işçiləri, cari işləyənləri, hətta gələcəkdə müəssisəyə fayda qazandıracaq potensial əmək qabiliyyətli şəxsləri də nəzərdə tutur. İnsan sərmayəsinin inkişafı, onun ölkədəki yerinin hansı səviyyədə olması həmin ölkədə təhsil sisteminin əhəmiyyətli dərəcədə inkişaf göstəricilərindən asılıdır. İnsan sərmayəsi daha çox təhsil sahəsinin mövcudluğu ilə bağlı olduğuna görə onun üzərində çox dayanmırıq.
Sonda psixoloji sərmayənin mühüm komponentləri, onun funksional yönləri və göstəriciləri ilə aşağıdakı ardıcıllıqda (komponent-yön-göstərici) qısaca tanış olaq:
1. Özünü təmin – İndiki zaman və gələcək istiqamətli – Çətinliklərə açıq olmaq və məqsəd uğrunda cəhdlərin göstərilməsi istəyinə sahib olmaq;
2. Optimizm – Gələcək istiqamətli – Mənfi hadisələrin təsirinə baxmayaraq müsbət təsirlərin nəticələrinə köklənmək xüsusiyyəti;
3. Ümid – Gələcək istiqamətli – Məqsədlərin ortaya çıxması və bu məqsədlərə çatmaq həvəsi;
4. Dayanıqlılıq – Keçmiş və indiki zaman istiqamətli – Yaxın və uzaq keçmişdəki hadisələrin təsirindən çıxmaq bacarığı.
“Psixologiya və marketinq kəsişməsi” başlıqlı yazımızı buradan keçid edə bilərsiniz.
Mənbə: Researchgate.net