Biznesdə tez-tez istifadə olunan, analiz, metodlar vardır ki, onlardan biri PESTEL-dir. Aydındır ki, şirkətə daxili təsirlərdən savayı birbaşa fəaliyyətə təsir göstərə biləcək xarici amillər də vardır. PESTEL-in də əsas funksiyası digər metodlardan fərqli olaraq sırf xarici mühitə təsirə yönəlmiş olur və buna görə də bir çox bizneslərin tətbiqetməsində daha produktiv alınmış nəticələrə sahib olur. Bir sözlə, məhsul və yaxud xidmətlərinizin cəmiyyətə, qurulan biznesin ərazisindəki insanlara necə uyğunlaşmasını, hansı faktorların nə kimi təsirini ən yaxşı şəkildə ölçə biləcək və kəşf edə biləcək ən ideal analizdir.
Göründüyü qədər, aydındır ki, bu ad bir qısaltmadır. Bəs PESTEL sözünün açılışı , anlamı nə deməkdir? Bu suala cavab verməzdən öncə bir şeyi də qeyd etmək istərdik. Belə ki, bəzi qurumlar bu analiz növündən istifadə edərkən son iki anlamı ixtisar edib PEST deyə adlandırır və tətbiq edirlər. Hətta bunu daha pozitiv şəklə salmaq üçün bəzən STEP də deyilir. İndi isə ümumi anlama, bütün 6 təsirə baxaq :
P – Political.
Yəni, siyasi təsir. Daha açıq deməli olsaq, ölkənin həyata keçirdiyi siyasət, hökumətin verdiyi qərarlar, baş verən siyasi dəyişikliklər, gündəmdə olan siyasi hadisələr, habelə seçki ərəfəsi, seçkidəki əhval-ruhiyyə, ölkənin hansısa digər ölkəylə münaqişə şəraitində olması və s. bunların hamısı öz təsirini biznes xidmətlərinə göstərir.
E – Economic. İqtisadi təsirlər.
Əlbəttə ki, bir şirkət üçün iqtisadi faktorların nəzərə alınması, strateji planlamanın ən önəmli addımlarından biridir. İstənilən iqtisadiyyat qanunlarını bilməli, onların iş prinsiplərindən xəbərdar olmalı, makro və mikro səviyyədə oluna biləcək bütün təsirlər nəzərə alınmalıdır. Bura həmçinin inflyasiya, işsizlik, hər baxımdan tənəzzül və s amillərin olmağı da daxildir. Bu və eləcə də, digər bütün iqtisadi mühitdəki dəyişikliklər öncədən təxmin olunaraq onlara uyğun fəaliyyətə keçilməlidir.
S – Social, Sociocultural. Sosial, yaxud sosial-mədəni təsirlər.
Bu sosial təsirlər hədəf olaraq götürülən toplumun- əhalinin demoqrafik göstəriciləri, yaş və cinsiyyət məfhumları, həyat tərzi, yaşam mühiti, hər xalqın özünəməxsus dəyərləri, mədəni məhdudiyyətləri kimi bəzi amillərin hesabına araşdırılır. Bu amillər sahibkarlara müştəriləri daha yaxşı anlamağa və istehlakçıların qərar vermə prosesində daha dolğun müəyyənedicilik rolu olmasına bilavasitə kömək edir.
T – Technological. Texniki təsirlər.
Texnologiyanın hər zaman inkişafda olmağını hamımız bilirik və bunun hər sahəyə təsirini xüsusən də biznesdən də yan keçmədiyi məlumdur. İnternet, mobil cihazlar, TV, sosial şəbəkələr bu təsirlərin bir hissəsi ola bilər. Bu təsirlər özü isə mənfi də ola bilər, eyni zamanda müsbət də. Texnologiyanın inkişafı hər nə qədər bir çox ərazilərdə yüksək olsa da, hələ də inkişafsız qaldığı məkanlar da vardır. Buna görə də bu inkişaf ərazidən birbaşa asılı olaraq dəyişə bilir. Biznesinizdən asılı olaraq bunu nəzərə almanız mütləqdir.
E – Environmental. Ekoloji təsirlər.
Günümüzdə aktual mövzulardan biri olaraq bilinir. Bu növ təsirlər ölkənin iqlimindən asılı olaraq da dəyişir. Ümumiyyətlə isə, iqlim dəyişikliyi qlobal miqyasda olduğu halda da şirkətlərə, biznesə təsirsiz ötüşməyə bilməz. Hər hansı ölkədə biznes qurmaq istəyərkən sırf bu təsirlə bağlı olaraq 1997-ci ildə Yaponiyanın Kyoto şəhərində imzalanmış “Kyoto protokolu”na da nəzər sala bilərsiniz.
L – Legal. Qanunvericiliklə tənzimlənmiş təsirlər.
Digər təsirlər kimi qanunvericilik baxımdan tənzimlənən təsirlər də sağlam bir biznes qurulmasında çox böyük rol oynayır. Təkcə qurulmasında yox, eləcə də fəaliyyət, xidmətlər boyunca hər zaman yenilənən qanunlardan xəbərdar olmaq lazımdır. Nəinki ölkə daxili, ölkə xarici də. Əgər bir sahibkar başqa ölkə bazarına çıxmaq istəyirsə, həmin ölkələrin hüquqi-normativlərini araşdıraraq məlumatlı olmalı və o normativlərə də riayət etməsi əsas şərtdir.
Gördüyünüz kimi, PESTEL analizinin hər bir baxımdan araşdırılan təsirləri həm bir-biriylə əlaqəli, həm də hamısının daim kontrol altında olması olduqca vacibdir. Hər bir şirkət heç bir böyük miqyasda problemlərlə üzləşməmək üçün öz fəaliyyətlərini bu analizlə ölçüb, dəyərləndirib düzgün, sağlam və ən real şəkildə qiymətləndirməlidir.
“Keynsçi nəzəriyyə nədir?” haqqında məqaləni oxumaq üçün buraya klikləyin.