Həyatımızın önəmli hissələrindən biri də iş həyatımızdır. Hətta bəziləri üçün bu ən önəmli ola bilir. İş həyatımızın özü bizim üçün nə qədər önəmlidirsə, onun özünə də daxil olan bir sıra önəmli proseslər mövcuddur. Hansı ki, onlardan ən başlıcası da iş günümüzdə, hətta ilk iş günümüzdə keçirilən oriyentasiyadır. Hər kəs üçün yeni bir işə başlamaq stresli dövrü əhatə edir. Yeni qaydalar, yeni davranış normaları, yeni mühit və yeni həmkarlara öyrəşmək lazım gəlir. Bir sözlə işçini ucsuz-bucaqsız bilinməzlik gözləyir. İşə adaptasiya, oriyentasiya müddəti işçinin həyatında əhəmiyyətli bir dövrdür.
Gəlin baxaq, oriyentasiya özü nədir?
Hər şeydən əvvəl, oriyentasiya sözünün mənasına, hansı dildən gəldiyinə baxsaq, onun fransızcadan gəlmiş olduğu, anlamının isə “yönləndirmə”, “istiqamətləndirmə” olmasını deməliyik. Bəli, mənasından da görüldüyü kimi, oriyentasiya iş prosesində, yeni işçilərin, həmçinin vəzifə dəyişkənliyi yaşayan əməkdaşların da yönləndirilməsi üçün nəzərdə tutulan proqram və tədbirdir.
Nəyə görə həm tədbir, həm də proqram dedik?
Çünki bəzən proqram olaraq tətbiq olunması işin, vəzifənin xüsusiyyətlərindən asılı olaraq dəyişə bilir və ilk gündən etibarən – 6 aya qədər müddətdə davam edə bilər. Proses müddətində işçilərin əmək şəraitinə uyğunlaşdırılması və işçilərə görəcəkləri işlər barədə danışıqlar aparmaq məqsədilə rəhbər işçi və ya mütəxəssislər təlimatlandırılır. Bu şəxslər əsasən o rəhbər işçilərdir ki, onlar yeni işə qəbul olunan işçilərə iş yerini göstərir və sosial qaynaşmanın təmini üçün, əlaqələri qurulması üçün birlikdə işləyəcəyi digər işçilərlə onları tanış edirlər. Daha sonra yeni işçilərin öz üzərinə düşən vəzifələrinin necə icra ediləcəyi sistemli bir şəkildə onlara izah edilir. Bu proses “İnsan Resursları Departamenti”-ni apardığı ən vacib proseslərdən biridir ki, bu zaman şirkət artıq ilk gündən işçiyə verilən dəyəri nümayiş etdirir, ona böyük motivasiya verir. Bu müddət ərzində işçi üçün olan adaptasiya elə bu xüsusiyyətlərindən asılı olaraq da 2 yerə bölünür:
- Peşə
- İctimai adaptasiya.
Yuxarıda da göstərilən kimi, işin qayda-qanunlarına olan adaptasiya birinci – yəni peşə, əməkdaşlara, mühitə olan uyğunlaşma isə ictimai adlanır.
Oriyentasiyanın həyata keçirilməsi eləcə də işçi axınına təsirindən də yan keçmir. Bu təsirin özü də verilən motivasiya ilə əldə olunmuş olur. Əks halda isə, yəni, bu tədbirlərə önəm verilməyən qurumlarda işçi ilk gündən təlimatlandırılmadıqda, ona xüsusi diqqət göstərilmədikdə bu işçilərdə demotivasiyaya səbəb olur. Belə ki, personal ilk gününü ən çətin gün kimi keçirir, harada yemək yeyəcəyini, kiminlə işləyəcəyini, tualet otağının, yeməkxananın yerini bilmir, digər köhnə əməkdaşlardan da soruşmağa çəkinir və s. Bütün bunlar da onda dəyərsizlik hissi, işində xoşbəxt olmama hissi gətirəcək ki, bu da sonda işini tərk etməsiylə nəticələnir.
Aparılan araşdırmalardan görüldüyü qədər, Azərbaycan şirkətlərinin bir çoxunda işçilərin ilk iş günü “qarşılanma adət-ənənəsi” zəifdir.
Dünyanın müxtəlif ölkələrində bu proses fərqli şəkildə həyata keçirilir. Məsələn, Hindistanda bəzi şirkətlərdə yeni işçilərin ilk gün qarşılanması əsasən şən, oynaq musiqi ilə bütün əməkdaşların rəqs etməsiylə baş verdiyi hallar olmuşdur. Bu da ortama, komandaya bir pozitivlik, səmimilik qatır. Əlavə olaraq, heyət arasında səmimiyyət, sosiallaşma üçün “xoş gəldin partiləri” də qurulur.