Optimizm nədir?
Öncəliklə, “optimizm nədir?” sualına cavab tapaq!
Optimizm gələcəkdə yaxşı şeylərin baş verəcəyinə ürəkdən inanan, bu şəxsi keyfiyyəti özündə daşıyan insanların düşüncə tərzinə verilən addır. Optimizmin əksi pessimizmdir, hansı ki, bu anlayış optimizmin əksi olaraq yalnız pis şeylərin baş verəcəyinə olan inamı özündə əks etdirir.
Yəqin ki, düşüncələrimizin bədənimizə, həyatımıza təsirləri barədə bir çox mənbələrdə fikirlərə rast gəlmiş, bəzən şəxsi təcrübələrinizə dayanaraq özünüz bu nəticəni çıxarmısınız. Məsələn, imtahana istədiyiniz səviyyədə hazırlaşmadığınız halda imtahan vərəqində yalnız bildiyiniz sualların olduğunu gördüyünüz heç olmayıb? Birinci özüm sualı cavablandırım: mən bu situasiyanı yaşamışam. Bəs özünüzə heç sual vermisiniz ki, bu, necə baş verdi? Böyük ehtimal, siz optimist olmağı bacaran insanlardansınız və gələcəkdə baş verəcək hadisələrin ipini öz əlinizə ala bilmisiniz! Əgər belədirsə, sizi təbrik edirəm. İndi isə optimizm və onun faydası barədə daha detallı danışaq.
Hazırda kifayət qədər elmi dəlil optimist olmağın həm zehni, həm də fiziki sağlamlığa faydalı olduğunu göstərir. Optimizm bir neçə yolla sağlamlığı yaxşılaşdırmağa kömək edir:
- İnsanları nəzarətdən çıxardan çarəsizlik hissini azaldaraq onları konstruktiv hərəkətə keçməyə (ilkin idarəetmə) sövq etməklə motivə edir ki, bunun nəticəsində onların narahatlıq səviyyəsini nizamlayır.
- Pis vəziyyətlərin düzələ biləcəyinə inanmaqla optimizm insanları bu pis durumları dəyişdirməyə (məsələn, sağlamlığa qayğı göstərmək, bununla bağlı məsləhətlər almaq və yaxud da həyati problemlər öz nəzarətindən çıxmamış onları həll etməyə yönəlmək və s.) təşviq edir. Nəticədə, problemlər böyüməmiş onu həll etmə baxımdan orta hesabla optimistlər pessimistlərdən daha az çətin vəziyyətlərə düşürlər.
- Optimizm, həmçinin insanların dostluq və onlara dəstək nümayiş etdirən münasibətlərin inkişafında da mühüm rol oynayır, çünki bu, insanları başqalarının onları bəyənəcəyini düşünməyə motivə edir. Dostlara sahib olmaq və sosial dəstək görmək xəstəlik riskini, əsasən də xroniki xəstəliklərə tutulma ehtimalını son dərəcə azaldır.
- Nəhayət, optimizm immunitet sistemini yaxşılaşdıraraq bədənin fiziki sisteminə təsir edir, beləliklə, optimistlər pessimistlərlə müqayisədə daha az xəstəlik keçirirlər. Bundan əlavə, pessimistlərin immun sistemi optimistlərdən zəifdir. Bu fakt fiziki sağlamlıq və ya müvəqqəti emosional vəziyyətdən asılı olmayaraq öz doğruluğunu göstərmişdir.
“The Harvard Grant Study”
Alimlərin optimizmin faydalarını necə öyrəndikləri özlüyündə maraqlı bir hekayədir. 1930-cu illərin ortalarında“William T. Grant Təşkilat”ı (the William T. Grant Foundation) bir çox sağlam adamların uğura yiyələnməsi və sağlamlığı hansı amillərlə əldə etdiyini öyrənmək üçün bir tədqiqat işi aparmağa qərar verdi. Araşdırmaçılar Harvardda oxuyan 5 nəfər birinci kurs tələbəsini iştirakçı olaraq seçdilər. Hər biri fiziki cəhətdən sağlam olduğu qədər əqli və sosial cəhətdən də uyğun olsalar da, maddi baxımdan bir-birlərindən fərqlənirdilər-bəziləri zəngin, bəziləri isə yoxsul ortamdan idilər. Tədqiqat iştirakçıları hər beş ildən bir fiziki müayinələrdən keçirilmiş, onlardan vaxtaşırı olaraq müsahibə alınmış və həyatları haqqında çoxsaylı sorğu anketləri doldurmaları istənilmişdi. Tədqiqatın nəticəsi olaraq uğurlu şəxsləri uğursuz olanlardan ayıran onların yetkinlik səviyyəsi və optimist baxışları idi. Problemləri üçün kimlərisə özündən uzaqlaşdıran və ya günahlandıran 20 yaşlı “yetişməmiş şəxslər”in yumoristik, gələcəyə yönəlik düşüncəyə sahib olan “yetişmiş” şəxslərlə müqayisədə 60 yaşında ciddi xəstəliklərlə mübarizə aparma ehtimalı daha yüksək idi. Bənzər olaraq, esselərində optimistik düşüncələri ifadə edən ortalama 20 yaşlı şəxslər (İkinci Dünya müharibəsindən qayıtdıqdan qısa müddət sonra) esselərində pessimist yanaşmaya dayanan düşüncələrə əsaslanmış şəxslərlə müqayisədə daha sağlam idi. Pessimist iştirakçılar orta yaşlarında xəstə olmaqları ilə optimist şəxslərdən daha tez əldən düşdülər və təxminən, 45 yaşlarında onların sağlamlıq səviyyəsi arasındakı fərq böyük idi. Əslində, optimizm, 45 yaşında başlayan və sonrakı iyirmi ildə davam edən bir sağlamlığın əsas təyinedicisi kimi diqqəti cəlb etdi.
Araşdırmalar
Bu cür araşdırmalar sayəsində, optimist olmağı öyrənməyin daha sağlam bir həyat sürmə şansınızı çox daha artıra biləcəyi qənaətinə gələ bilərsiniz. Önümüzdəki on il ərzində, tədqiqat iştirakçılarının əksəriyyəti ömrünün sonuna çatanadək ümid edirəm ki, tədqiqatçılar optimizmin daha sağlam bir ömür sürmək üçün önəmli faktor olması ilə yanaşı daha uzun bir ömür yaşamaq üçün əsas amillərdən olub-olmadığın da araşdıra biləcəklər.
Daha çox optimist olmaq!
Sizə qəribə səslənə bilər, lakin pessimizm bir vərdişdir! Bəli, düz eşitdiniz, bu, adət halını almış bir baxışdır. Bütün digər vərdişlər kimi pessimizm də üzərində səy göstərildiyi halda dəyişdirilə bilər. Pessimist düşüncədən uzaqlaşmaq üçün ən yaxşı metod ortaya çıxan pessimist düşüncələrlə necə mübarizə aparacağını axtarmaqdır. Bu prosesi bir neçə addımda yoxlamaq olar:
- İlk olaraq, hansı fikirlərin pessimist olduğunu ayırd etməlisiniz; proses müəyyən qədər özfərqindəliyi tələb edir.
- Pessimist düşüncəni müəyyənləşdirdikdən sonra bu düşüncənin nə dərəcədə məqbul olduğunu görmək üçün onu araşdırmalısınız. Özünüzə soruşun, “bu pessimist düşüncənin olmasının həqiqətən yaxşı bir səbəbi varmı?”. Əgər yoxdursa, düşüncədən necə yaxa qurtaracağınızı biləcəksiniz.
- Qərəzli və ya şişirdilmiş düşüncələr (səbəbsiz yerə bədbin olan düşüncələr) daha realist fikirlərlə əvəz edilməli və düzəldilməlidir.
Mövcud prosesi daha yaxşı təsvir etmək
Mövcud prosesi daha yaxşı təsvir etmək üçün təsəvvür edin ki, iş və ya təhsil aldığınız müəssisədə çıxışınız olmalıdır. Çıxışa hazırlaşmağınıza baxmayaraq, siz insanlar önündə danışmaq mövzusunda gərginsiniz. Əgər pessimist bir şəxsiyyətə sahibsinizsə, siz neqativ bir hadisə baş verəcəyinə inanacaqsınız. Bu neqativ hadisə insanların deyəcəyiniz fikirlərə görə sizə nifrət edəcəyini, fikrinizi zəif çatdırdığınız üçün sizə güləcəyini və ya həyatınızın məhv olacağını düşünməkdən ibarət ola bilər. Pessimist vərdişinizi mühakimə etmək üçün ilk mərhələ bu düşüncələrin mənfi olduğunu qəbul etməkdir. Bu nəticəyə isə fikirlərinizin həddindən artıq mənfi tonda olması və bunların həyata keçməsi üçün heç bir dəlil olmadığına əmin olaraq gələ bilərsiniz. Çıxışınız uğurlu alınmadığı təqdirdə yaşaya biləcəyiniz ən pis ssenari ehtimalını düşünərək pessimist fikirlərdən realist yanaşma yolu ilə uzaqlaşa bilərsiniz. Şans var ki, çıxışınız yaxşı olsun və hətta bir neçə nəfər çıxışınızı bəyənməsə, bu, həyatınızın yerlə-yeksan olacağı anlamına gəlmir. Kim bilir? Bəlkə də, insanlar çıxışınızı çox bəyənəcəklər, bu ehtimal ki yox dərəcəsində deyil! Belə ki, optimistik ehtimallara köklənməyi və pessimistik qorxularınızı real mühakimə və ehtimallarla qarşı-qarşıya qoymağı seçin…
Lakin şüursuz bir şəkildə yox…
İşlərin parlaq tərəfinə baxmaq və yaxşı şeylərin baş verəcəyini gözləmək meyli özəl bir şəxsi keyfiyyət olsa da, hər vəziyyətdə kor-koranə optimist olmaq həmişə qəbul edilən deyil. Məsələn, bir şeyi planlaşdırarkən hava ilə əlaqədar optimist olmaq yaxşı bir fikir deyil, çünki sizin planlarınıza günəş işığı və açıq səma uyğun gəlsə də, yağış və fırtına olduğu halda bayıra çıxmaq yaxşı fikir kimi səslənmir. Belə bir vəziyyətdə deyirlər ki:”Ehtiyat igidin yaraşığıdır”. İşinizi planlaşdırın, eyni zamanda yağış olacağı təqdirdə “Plan B” yə də hazır olun. Müəyyən bir vəziyyətlə bağlı nə qədər nikbin olacağınıza qərar verərkən uğursuzluğun da dəyərini hesablamağı bacarın. Uğursuzluq ehtimalı yüksəkdirsə, optimistik planınızın nəticələrinə kor-koranə bir şəkildə optimist yanaşmaqdan çəkinməlisiniz, çünki həyat gözlənilməz sürprizlərlə doludur. Digər tərəfdən, uğursuzluq ehtimalı azdırsa, pessimist bir yanaşmadansa, daha optimist bir qərar qəbul etmək daha sağlam düşüncədən xəbər verir.
Optimist düşüncə bizə aşağıdakı hallarda kömək edə bilər:
- Satışla məşğul olmaq, çətin bir məruzə üzərində işləmək, idman yarışlarında iştirak etmək və s. kimi insanı müvəffəqiyyətə aparan hadisələrdə;
- Kədərli və ya depressiv hiss etdiyiniz zaman situasiyanı daha yaxşı bir vəziyyətə gətirməyə ehtiyac duyduğunuz halda;
- Və ya sağlamlığınıza mənfi təsirləri olan uzunmüddətli narahatedici bir vəziyyətlə üz-üzə qaldıqda.
Ehtiyatlı olmaq isə aşağıdakı hallarda məntiqlidir:
- Planlaşdırdığınız iş riskli və ya dəqiq olmayan bir gələcək üçün nəzərdə tutulubsa, ehtiyatlı olmaq lazımdır. Məsələn, siz hər hansı bir məclisdə çox içmisiniz və evə qədər maşın sürməyi düşünürsünüz, lakin evinizə təhlükəsiz, sağ-salamat çatmaq üçün məsələyə optimist yanaşmaq yaxşı bir fikir deyil.
- Gələcəyi yaxşı görünməyən insanları ruhlandırmaq da sağlam optimizm sayılmır. Məsələn, övladınız hər dəfə imtahan verəcəyi 5 fəndən 3-də aşırı dərəcədə zəif nəticələr göstərirsə, məsələyə “hər şey yaxşı olacaq” prizmasından baxmaq və övladınızı arxayınlaşdırmaq olmaz, bunun əvəzinə problemə realist yanaşıb gələcək üçün ən yaxşı planları araşdırıb təklif etmək və bu planlara universitetə qəbul olmama ehtimalını da daxil edərək qərar vermək lazımdır.
- Depressiyada olan və ya problemi bir insana məsləhət vermək də ehtiyat tələb edir. Düşdükləri vəziyyətə optimist yanaşmağı təklif etməkdən öncə onlara empatiya ilə yanaşmaq lazımdır. Məsələn, depressiyada olduğunu gördüyünüz yeniyetmələrə məsləhət verməzdən qabaq sizin onları çox yaxşı başa düşdüyünüzü hiss etdirməli və nələrlə mübarizə aparacaqlarına dair məlumatlı oldğunuz barədə güvən aşılamalısınız.
Ümid edirəm ki, məqalə pessimist düşüncələrlə mübarizə aparan oxucular üçün faydalı oldu.
Hey, sən, həyat ona pessimist yanaşacaq qədər uzun deyil, bu qısa zamanını optimist olmaqla dəyərləndir! Əmin ol ki, kainat bunu cavabsız qoymayacaq…