2016-cı ildə ABŞ NFL oyunçularından biri olan Colin Kaepernick qaradərili insanlara qarşı irqçilik və polis şiddətinə öz etirazını bildirmək məqsədi ilə oyundan öncə milli himn oxunarkən ayağa durmamışdı. Bu hadisə ABŞ prezidenti Donald Trump olmaqla bir sıra insanın etirazına səbəb oldu. Bir müddət sonra heç bir NFL komandası Colin Kaepernick-lə kontrakt bağlamaq istəmirdi. Bütün bu yaşananlar məşhur futbolçunun karyerasına ciddi ziyan vurmuşdu. Hadisədən bir neçə il sonra Colin Kaepernick Nike-ın yeni reklam üzü seçilir.
Kaepernick-in yer aldığı reklamda Just Do It (Sadəcə et) sloqanı ilə bərabər “Bir şeyə inan, hər şeyi fəda etmən qarşılığında olsa belə” sözlərindən istifadə olunur. Reklam bir çox insan tərəfindən bəyənilsə də Nike-ın bu yeni iş birliyi bir qrup insan tərəfindən etiraza səbəb oldu.
İnsanlar öz etirazlarını bildirmək adına Nike məhsullarını yandıraraq Twitter hesabından paylaşmağa başladı. Eyni zamanda Twitter-da #BoycottNike və #JustBurnIt etiketləri açılaraq Nike-a qarşı boykot kampaniyaları başladıldı. Digər diqqət çəkən məqam isə reklam çarxının NFL-in yeni sezonun başlamasından bir gün öncə yayımlanması idi. Hətta bir çox insan Nike-ın bu reklam çarxının böyük çaxnaşmaya səbəb olacağını öncədən təxmin etdiyini də vurğulamışdı.
Bütün bu etiraz aksiyalarından sonra Nike sanki, ona qarşı gələn insanlara lağ edərcəsinə bir şəkil paylaşmışdı. Məşhur marka paylaşımda “Nike məhsullarını ən təhlükəsiz şəkildə yandırmağın yolları” adı altında etirazçılara “məsləhətlər” verirdi. Bir çox insan isə Nike-ın öz müştərilərindən və ABŞ vətəndaşlarından üzr istəmək əvəzinə belə bir addım atmasını hörmətsizlik olduğunu vurğulamışdı. Həmin ilin statistikalarına əsasən Nike-ın hissələrində ciddi dərəcədə azalma olduğu müşahidə olundu.
Bir çox məşhur Nike və Colin Kaepernick-ə dəstək olduğunu bildirsə də bu hal Nike tarixinə qalmaqallı hadisə olaraq keçdi. Ancaq onu da qeyd etməliyik ki, Nike-ın illər boyu yaratdığı güclü imici belə bir vəziyyətlə hər halda ki, ciddi dərəcədə korlanmadı.
Nike-la bağlı bir məqalə daha oxumağa nə deyirsiniz? Koronavirus dövründə markanın istehsal edtiyi qoruyucu vasitə ilə bağlı məlmuat üçün linkə klikləyin.