Maya dəyəri məhsulun istehsalının effektiv olmasını göstərən ən vacib iqtisadi göstəricidir. Onda təsərrüfat fəaliyyətinin bütün sahələri, bütün istehsal resursları cəmlənir. Şirkət fəalliyyətinin maliyyə göstəriciləri maya dəyərindən asılı olur.
Maya dəyərinə aşağıdakılar daxildir:
1. Material xərcləri
2. Əlavə xərclər
3. Enerji xərcləri
4. İşçilərin məvacibi
5. Xidmət və məhsulların realizasiyası
Maya dəyərinin analizi
Maya dəyərinin analizi xərclərin idarə olunması sistemində böyük əhəmiyyət kəsb edir. İstehsal növündən asılı olaraq maya dəyərini formalaşdıran bir sıra göstəricilər müəyyən olunur. Məhsulun istehsalında maya dəyəri vahidi göstəricisi istehsal xərcləri dinamikasıdır. Maya dəyərinin azaldılması ilə məhsulun rentabellik göstəricisi avtomatik olaraq yüksəlir.
Müvəqqəti və daimi xərclər
Maya dəyərinin tərkibində müvəqqəti və daimi xərcləri ayırd etmək olur. Müvəqqəti xərclərin göstəriciləri istehsal edilən məhsulun həcminin artıb-azalması ilə dəyişir. Müvəqqəti xərclərə məhsulun maddi xərcləri, həmçinin işçilərin məvacibləri daxildir.
Daimi xərclər istehsal həcmindən asılı olmayaraq dəyişmir.
Bu xərclərə aşağıdakılar daxildir:
- Avadanlıqların amortizasiyası
- Ərazinin kirayəsi və bu qəlibdən olan digər xərclər
Maddi xərclər və xammal
Maya dəyərinin böyük hissəsi maddi xərclər və xammal xərcləri təşkil edir. Bu xərclər ümumi məhsul istehsalı xərclərinin 75%-ni təşkil edir. Bundan belə nəticəyə gəlmək olar ki, maddi xərclərə qənaət etməklə, istehsal olunan məhsulun rentabellik göstəricilərini artırmaq olar.
Bir sözlə, məhsul istehsalına sərf edilən bütün xərclərin yekunu onun maya dəyərini təşkil edir. İstehsalın faydalılıq əmsalını müəyyən edən göstərici olaraq maya dəyəri göstəricisi ilə müəssisədə məhsul istehsalı və satışına çəkilmiş xərclər müəyyənləşdirilir. Yəni məhsulun maya dəyəri onun istehsalı və satışına sərf olunan xərclərin cəmini təşkil edir. Bazar iqtisadiyyatına keçid dövründə məhsulun maya dəyəri müəssisənin təsərrüfat-maliyyə fəaliyyətində ən vacib göstərici hesab olunur. Onun düzgün hesablanması və uçotu müəssisənin daha da böyüməsinə, iqtisadi və sosial inkişafının sürətlənməsinə şərait yaradır.
Maya dəyərinin hesablanmasında yol verilən səhvlər
Müəssisələrdə bəzən məhsulun maya dəyərinin hesablayarkən yanlışlıqlar olur. Məsələn: bir müəssisə məhsulun maya dəyərini hesablayarkən, hər hansı bir məqamın nəzərə almasında yayınır. Bu elektirik enerjisinə sərf olunan maddiyyat və ya başqa bir önəmli məqam ola bilər. Bu xərci məhsulun maya qiymətini hesablayarkən nəzərə almasaq məhsulun qiyməti aşağı düşmüş olacaqdır. Bəzi hallarda isə məhsulun satışı zamanı ziyan etmiş olacağıq. Bunu deməklə sizlərə bildirmək istəyirəm ki, məhsulun maya dəyərini hesablayan zaman hər hansı bir xərci qaçırdığımız zaman məhsulda ziyan etmiş olarıq. Və müəssisələr bunu gec anladıqda iflas olma ilə üz-üzə qalacaqdır.
Məhsulun maya dəyərini hesablayarkən hər bir məqamın dəqiq xərclərini dəqiqləşdirmək lazımdır. Xərclər müəyyən həcmdə məhsulun hazır olunmasında dəqiqləşir. Yəni müəyyən sayda məhsula nə qədər xərc çəkilib onu bildirməklə eyni sayda məhsulun maya dəyərini bilinir. Sonda isə bu xərc məhsulların sayına bölünür ki, bu da bir məhsulun maya dəyəri adlanır. Məhsulun maya dəyərinin üzərinə müəyyən məbləğ gəldikdən sonra satışa çıxarılır. Bu məbləğ isə gəlir adlanır. Bununla da müəssisə fəaliyyət edir.