“Neftin qiyməti 100 dollar psixoloji həddini keçəcək.“
Məsələyə iqtisadi davranış və makroiqtisadi olaraq iki aspektdən yanaşa bilərik. Birincisi pandemiyanın səngiyəcəyi vəziyyətində belə insanların bu müddət ərzində yiyələndiyi yeni iqtisadi vərdişləri bir müddət qoruyub saxlaması olacaq. Belə ki, pulu nəğd olaraq əllərində tutmaq, yığım miqdarını artırmaq, uzunmüddətli ərzaq ehtiyyatı yığmaq kimi vərdişlər davam edəcəkdir. Ümumi olaraq iqtisadiyyatda pulun əldə saxlanılması maliyyə bazarlarına mənfi təsir göstərəcək. Likvidlik, dolayısı ilə iqtisadi aktivlik aşağı düşəcəkdir. Ərzaq təhlükəsizliyi məsələsi gərəyincə qida ehtiyyatı saxlamaq vərdişi də uzun müddət özünü qoruyub saxlayacaq. Karantin müddətinin uzunluğu və bu müddət ərzində mətbuatda yayılan xəbərlər, insanların iqtisadi vərdişlərinin uzunmüddətli olub olmayacağını üzə çıxardacaq. Çünki, pandemiya səngisə, həyat eyni axarına qayıtsa belə, spekulyasiya xarakteri daşıyan xəbərlər və əhalinin ümumi narahatlıqları, keçmiş iqtisadi davranışlara qayıdılması vaxtını uzadacaq.
Qlobal iqtisadi mənzərədə isə konyoktural dəyişikliklər yaşanacaq. Dünyanın qabaqcıl ölkələrində sənaye istehsalının, xidmət sahələrinin dayanması dünyada 1929 böhranını xatırladan bir iqtisadi depressiyanın yarandığını göstərir.
Pandemiyanın qlobal miqyasda səngiməsi isə yenidən işə düşəcək qlobal sənayə üçün başlıca resurs olan enerjiyə olan tələbatı kəskin artıracaqdır. Bugün neft qiymətlərinin kəskin aşağı düşməsinə səbəb olan tələbdəki kəskin daralma yerini tələbdəki sıçrayışa buraxacaq. Bu aylar ərzində itən aralıq tələbi də işin içinə qatsaq qlobal enerji təklifini üstələyən bir enerji tələbi ortaya çıxacaq. Neftin qiymətinə təsir edən birja faktoru da neftin qiymətinin tələb-təklifin xaricində də artmasına gətirib çıxaracaq. Və neftin 100 dollar kimi psixoloji həddin üzərinə çıxacağını təxmin edirəm.
ABŞ-ın böhranın qarşısına almaq məqsədi ilə həm qlobal birjaların çökməməsi, həm də qlobal miqyasda yaşanan dollar tələbinin qarşılanması məqsədi ilə apardığı yeni monetar siyasət forması orta dönəmdə ABŞ dollarının dəyərsizləşməsinə, hətta ABŞ dollarının “key Money” funksiyasını itirməsinə səbəb ola bilər. Belə ki, “key money”-in İMF-nin SDR-si olacağı belə təxmin edilir.
Bu qlobal gözləntilərin fonunda, pandemiyanın qısa müddətdə səngiyəcəyi hallda, milli iqtisadiyyatımız üçün ciddi təhlükələrin olmaması qənaətindəyəm. Dolların qlobal formada ucuzlaşması gözləntisi və bununla bərabər neft qiymətlərindəki artış, həm manatın dəyərsizləşməməsinə, həm də büdcə və tədiyyə balansı pozulması narahatlıqlarının ortadan qalxmasına səbəb olar. Pandemiyanın il sonuna qədər davam etməsi durumunda isə, ölkəmiz qlobal iqtisadi risklərdən sığortalanması ilə bağlı bu qədər pozitiv bir ssenari deyə bilmərik. Yekun olaraq, bütün iqtisadi ssenarilər pandemiyanın səngiyəcəyi tarixlə bağlıdır.”
Cavid Süleymanlı, iqtisadçı
“Bildiyimiz kimi, Covid-19 virusunun insan həyatına yaratdığı problemlərlə yanaşı, ölkələrin iqtisadiyyatına da vurduğu ziyanlar rəqəm olaraq çox ciddi səviyyələrə yanaşıb artıq. Nəzərə alsaq ki, iqtisadiyyatı çox sahəli olan ölkələr bele bu virusun qarşısında aciz qalmaqdadır, inkişaf etməkdə olan və iqtisadiyyatı daha çox təbii resurslardan asılı olan ölkələrin bu dönəmi daha da ağır keçirəcəyi gözlənilən idi. Bu virusun yayılmasına paralel olaraq böyük neft ixracatçıları arasında olan anlaşılmazlıq neftin qiymətinin ucuzlaşması ilə nəticələndi. Təbii ki, bu hal ölkəmiz üçün ən arzu olunmaz ssenarilərdən biri idi.
Son dönəmlərdə dünya birjalarında neftin qiyməti artan bir trend izləsə də, Azəri Light markalı neft daha çox yanacaq üçün istifadə edildiyi ve yanacağa olan tələbat hal-hazırda bütün ölkələrdə az olduğu üçün (izolyasiya tədbirləri ilə əlaqədar olaraq) qiymətdə ciddi bir artım müşahidə edilməməktədir.
Buna əlavə olaraq digər sahələrdə də ticari dövriyyələrin (ixrac-idxal) kəskin bir azalış göstərməsi də ölkəyə daxil olan valyuta rezervlərini azaltmaqdadır. Bu hal təbii ki, manatı ciddi təzyiq altında qoymaqdadır. Bu halda təbii ki, ediləcək zərərlərin kompensasiya edilməsi və ya minimuma endirilməsi baxımından mövcud durumda xarici bazarlara satış edə biləcəyimiz sahələrə daha çox ağırlıq vermək və yenilərini yaratmaq ola bilər. Buna misal olaraq yenice istifadəyə verilən maska fabrikini göstərmək olar. Nəzərə alsaq ki, bütün dünyada hal-hazırda izolyasiya tədbirləri davam edir və insanların qida istehlakı digər dövrlərə nəzərən artış göstərməktədir və yük daşımalarda hər hansı bir məhdudiyyətlər tətbiq olunmur, kənd təsərrüfatı mallarını sürətli bir şəkildə ixracı bu çətin zamanlarda ölkəyə valyuta ehtiyatı qazandıra bilər.”
Kəniş Qarayev, maliyyə mütəxəssisi
Mütəxəssislərin gözündən Koronavirusun biznesə təsiri haqqında məqaləyə nəzər yetirmək üçün buraya klikləyin.