Biznesin idarə olunmasında və onun bütün mərhələlərində professionallıq xüsusi əhəmiyyət kəsb edir. Yalnız professional idarəetmə ilə hədəfə qoyulmuş nəticəyə çatmaq mümkündür. İdarəetmənin istənilən mərhələsində baş verən uyğunsuzluq öz ağır nəticələrini verə bilər. Bu uyğunsuzluqlar çox zaman proseslərə olan qeyri-professional yanaşmadan irəli gəlir.
Bəs qeyri-professionallıq nədir?
Qeyri-professionallıq – idarəetməyə olan qeyri-peşəkar yanaşmadır və bu yanaşmaya idarəetmənin bütün mərhələlərində rast gəlmək mümkündür. Məsələn, verilmiş qərarın anidən səbəbsizcə dəyişdirilməsi, qəbul edilmiş strategiyanın gedişatında səhvliklərə yol verilməsi, sahib olunan vəzifənin gətirdiyi məsuliyyəti və öhdəliklərini anlamamaq – bunların hər biri qeyri-professionallığın əlamətləri hesab edilir. Eyni zamanda, verilən işə ciddi yanaşılmamaq da qeyri-professionallıq deməkdir.
Qeyri-professionallığın Marketinqə təsiri
Əgər bir şirkətin idarəedilməsi qeyri-peşəkar insanların əlindədirsə, bu öz mənfi cəhətini şirkətin bütün sahələrində biruzə verə bilər. Təbii ki, ən çox zərər görən sahə isə Marketinq və PR sahəsi olacaq, çünki Marketinq eyni anda şirkətin simasını təmsil edir. Atılmış hər bir yanlış addım, şirkətin simasına ciddi şəkildə xələl gətirə bilər.
Eyni zamanda, verilmiş qərarın icrası zamanı baş verən hər bir dəyişiklik və səhv, hazırlanmış marketinq strategiyasının uğursuz nəticələnməsinə səbəb ola bilər. Marketoloqlar tərəfindən hazırlanan marketinq strategiyaları uzunmüddətli olduğu üçün həmin strategiyanın gedişatında mənfiyə doğru dəyişikliklər məhz uğursuzluğa gətirib çıxarır.
Bu hal həmçinin marketoloqlar üçün də keçərlidir. Müəyyən səviyyədə marketinq strategiyası qurmaq asan hesab edilə bilər, yalnız onun idarəsi olduqca çətindir və yalnız professional marketoloqlar tərəfindən proseslər idarə edilə bilər. Strategiyanın gedişatında yaranan kiçik bir boşluq və ya yanlış addım, bütün strategiyanın məhvinə səbəb ola bilər. Müasir dövrdə sosial medianın gücünü nəzərə alsaq, atılan bir yanlış addım şirkətin imicinə ciddi şəkildə zərər gətirə bilər və hətta sosial medialarda həmin şirkətə qarşı anti PR işləri də həyata keçirilə bilər.
Qeyri-professionallıq nə kimi nəticələrlə sonlana bilər?
Aparılan araşdırmalara görə hal-hazırda bizneslərin ləğv olunmasının bütün səbəblərinin başında məhz həmin idarəetmədə olan qeyri-professionallıq durur. Maliyyə cəhətdən şirkətin itkilərə məruz qalması şirkətin reputasiyasının mənfiyə doğru getməsi, şirkət işçiləri arasında konfliktlərin baş verməsi şirkətin düzgün şəkildə idarə edilməməsi və idarəetmə strukturlarında yaranan boşluqlardan, ixtisaslı kadr çatışmazlığından qaynaqlana bilər.
Rəqəmsal Marketinq nədir? adlı yazımıza buradan keçid edə bilərsiniz.