Son zamanlarda yaranan vəziyyətlə əladər olaraq sosial şəbəkələrdə yeni qruplar formalaşır və bu qruplardan biri də “Evdar kişilər klubu”-dur. Bu qrup çərçivəsində maraqlı, gülməli, faydalı kontentlər paylaşılır, seminarlar təşkil olunur.
Vəfadar Babayev – Xızır Baba və Evdar Kişilər Klubu layihələrinin təsisçisi
1. Evdar Kişilər Klubu (EKK) nə vaxt yarandı?
– 24 mart, axşam saat 10 radələrində qrup yarandı.
2. Qrupu yaratmaq ideyası sizə hardan gəldi?
– İdeyanın gəlmə səbəbi, mən özümdə karantin günlərinə uyğun paylaşımlar edirdim. İnsanların da bu tip paylaşımlar etməyi: ev işləri ilə bağlı, karantin günlərində işsizliklə bağlı, düşündüm ki, bir qrup açıb bunları bir qrupa yığsaq yaxşı olar. Ona görə ağlıma Evdar Kişilər qrupunu yaratmaq gəldi. Bu qrupu açan kimi başladım dostlarımı dəvət etməyə, dostları dəvət edən kimi viral olaraq yayıldı və bu şəkildə yarandı. İlk günlərdən qrupa qatılanların sayı artıq 20 minə yaxınlaşıb.
3. Qrup kimlərdən ibarətdir?
– Qrup kütləsinin 90%-dən çoxu intellektual insanlardır. Kütlə içərisində iş adamları, jurnalistlər, aktyorlar, video bloggerlər, sosial mediada olan aktivistlər var. Qrup kütləsinin intellektual olaraq yüksək olması, qrupun həm səviyyəli, həm də viral olaraq yayılmasına səbəb oldu. Bizim ilk gündən 18+ paylaşımlara, vulqar sözlərdən istifadəyə, etikadan kənar paylaşımlara tamamilə qadağa qoymağımız intellektual kütləni cəlb etdi və bu da qrupun yayılmasına səbəb oldu. Həmçinin irqi, dini, siyasi paylaşımlar da qadağandır. Bu da izləyicilərin diqqətini cəlb edir. Çünki, hər kəsin fərqli inancı, fərqli siyasi partiyanı dəstəkləməsi baxımından hər hansı bu tip paylaşım avtomatik mübahisələrə səbəb olur. Qrupda etikadan kənar yazı yazıldıqda dərhal həmin izləyici blok edilir və qrupdan çıxarılır. Şikayətlərə dərhal baxılır. Ona görə izləyicilər tərəfindən müsbət reputasiya qazanıb.
4. Qrupun gələcəyi haqqında nə kimi planlar var?
– Qrupun gələcəyi haqqında artıq bir çox planlar var və daha da genişləndiririk. Ola bilsin, qrupun yaxın həftələrdə saytı da olsun (ekk.az), hazırlanma mərhələsindədir. İlkin olaraq, qrupun idarə heyətini formalaşdırdıq. Yarı heyətdə olan şəxsləri mən qrupdan elan edirəm. Hal-hazırda idarə heyətində əsas struktur olaraq Namiq Məmmədov, Orxan Rzayev, Murad Həşimov, Vəfadar Babayevdir. Biz öz aramızda bəzi planlamalar eləmişik. Bu planlamalar içərisində həftəlik və günlük canlı yayımlar var. İlk olaraq həftəlik canlı yayımımızı Orxan Rzayevlə bağlı “Orxanla hər cümə” elan elədik. Burada müxtəlif mövzulardan danışılacaq. Hər həftənin cümə günü axşam saat 20:00-da olacaq. Dünən ilk canlı yayımımızı İspaniyada olan professor həkimlə elədik və bu tip gündəmə uyğun canlı yayımlar planlayırıq. Qrupun gələcəyi ilə bağlı planlar içərisində qrup daxili virtual təlimlərin, seminarların təşkili nəzərdə tutulub. Eyni zamanda insanlara maraqlı olacaq şəxslərin canlı yayıma qoşulması gözlənilir və əlavə olaraq planlar işlənir.
Orxan Rzayev də Evdar Kişilər Trendinə qoşuldu (Eleven Kings oyununun və Mediamark Agentliyinin təsisçisi)
1. Daha əvvəl xanımlar üçün də belə bir aksiya etmişdiniz. Sizin üçün bu bir Şəxsi brendinq fəaliyyətidir, yoxsa Sosial Məsuliyyət?
– WoWoman.az platformasıyla uzun müddətdir ki, işləyirik. Sosial media mütəxəssisi, startup`çı olaraq müxtəlif vaxtlarda həmin platformada mentor, təlimçi olmuşam. Bacardığımız qədər dəstək olmuşuq, çünki xanımların inkişafı ilə bağlı maraqlı, faydalı bir platformadır və çalışmışam ki, əlimizdən gələn dəstəyi verək.
2. Dünyada və ölkəmizdə dijitaldakı bu məcburi yüksəliş daha sonrakı periodda startup`lara necə təsir edəcək?
– Koronavirusun yaratdığı problemlər dijitalın bir çox sahələrində daha sürətli inkişafa səbəb olacaq. Yəni, elektron alış-veriş, elektron bankçılıq və ya digər sahələrdə düşünürəm ki, məsələn, 5 ilə gediləcək yolu 1 ilə, 2 ilə getməyə səbəb olacaq. Xırda bir nümunə götürək, ölkədə ərzaq çatdırılması üçün onlayn platformalar demək olar ki, yox səviyyəsində idi, tək-tük var idi və ya bazara yeniləri hazırlaşırdı. Amma son 1 həftədə mən Facebook və Instagram-da ən azı 10 dənə müxtəlif platforma reklamı görmüşəm ki, onlayn ərzaq çatdırılması və ya digər onlayn çatdırma işlərini təklif edirlər. Bu o demekdir ki, bu bazar Azərbaycanda yox idi, amma vəziyyət indi elədir ki, mən özüm dünən bir platformadan ilk sifarişi elədim, ərzaqları seçdik application vasitəsi ilə, sifariş verdik və təxminən 2 saata gətirib çatdırdılar. Çox rahat oldu və kifayət qədər yaxşı məhsullar idi. Bir sözlə, bu xidmətdən razı qaldım və beləliklə, mən də dövlətin bu qoyduğu qadağaya əməl etmiş oldum, yəni evimdən çıxmadım, virusun yayılmamasına dəstək oldum və həm də belə bir yeni başlayan biznesə dəstək olmuş oldum. İşçilər yaxşı işləsələr, onlar yaxşı oturmuş bir biznesə sahib olacaqlar. Belə düşünürəm ki, bu, bir çox sahələrdə daha sürətli inkişafa gətirib çıxardacaq.
3. Evdar Kişilər Klubuna qatılmaq fikri haradan yarandı? Bu layihəni orada təqdim etmə səbəbiniz nədir?
– Bir neçə gün öncə Evdar Kişilər Klubu-nun bəzi paylaşımları mənim qabağıma çıxdı. Orada kifayət qədər maraqlı və keyfiyyətli paylaşımlar, keyfiyyətli yumor və zarafatlar var. Ona görə qərara gəldim ki, mən də qoşulum və əksər dostlarımında orada olması mənə motivasiya oldu. Həqiqətən maraqlı, unikal qrupdur, adminlər də kontentləri çox yaxşı seçiblər. Maraqlı, gülməli, faydalı kontentlər çıxır qabağımıza ona görə də elə hal-hazırda ölkədə ən sürətlə böyüyən qrupdu və artım tempi maraqlıdır.
Mən adətən bloq yazıram və ya müxtəlif yerlərdə seminarlar, görüşlər olur. İndi bunlar onlayn şəkildə olur, müxtəlif mövzularda danışıram. Qrupun təsisçisi Vəfadar bəylə qərara gəldik ki, həftəlik bir rubrika qoyaq və hər dəfə bir movzuda danışaq. Bu dəfə ilk mövzumuz ailə, evlilik haqda olacaq. 10 ilə yaxın olan bir ailə həyatım və 2 qız övladım var. Düşünürəm ki, gənc dostlar üçün öz təcrübəmi, uğurlu ailə həyatı, evliliyin sirləri və s. bölüşmək kifayət qədər maraqlı olacaq. Qrupda da 2 gündə bir neçə post gördüm sual verirlər ki, “Evlilik qorxulu bir şeydirmi?”, “Evlənmək nəyə lazımdır?” və s. belə-belə maraqlı yarı zarafat, yarı ciddi suallar verilirdi. Buna görə ilk mövzunu qərara gəldik ki, evlilik, ailə həyatı haqqında qoyaq və inanıram ki, mümkün qədər maraqlı və faydalı məlumatlar verə biləcəyəm.
4. İnsanlara bu günlərdə tövsiyələriniz nələrdir?
– Tövsiyəm budur ki, bəli bu dünyada indiyə qədər olmuş ən qorxulu viruslar qədər qorxulu deyil, amma nəzərə alsaq ki, sürətlə yayılır və biz bir neçə avropa ölkəsində artıq görürük ki, xəstəxanalarda yer, yetərincə çarpayılar yoxdur deyə bir çox insan müalicə ala bilmir, kritik vəziyyətdə olan insanlara müdaxilə edilə bilmir və beləliklə ölüm halları çoxalır. Ona görə belə bir riskin Azərbaycanda olmaması üçün mütləqdir ki, biz dövlət tərəfində qoyulan qaydalara əməl edək, lazım olmadıqca evdən çıxmayaq, gigiyenik qaydalara riayət edək. Hər insan öz-özünün həkimi olmalıdır, qulluq eləməlidir ki, hal-hazırda artmaqda olan koronavirus xəstələrinin sayı azalmağa doğru getsin və qısa bir zamanda, bir neçə həftəyə bu belə olsa təbii ki, bu problem aradan qalxacaq.
Müsahibəni apardı: Murad Məmmədov və Arzu Bəşirli