Tarixdə çoxlu sayda uğursuz marketinq kampanyaları olub. Biz də qərara gəldik sizə tarixdə baş vermiş ən uğursuz marketinq kampaniyaları haqqında 2-ci yazımızı təqdim edək.
Pepsi-nin “etiraz aksiyası” reklamı
2017-ci ilin mitinqlər və etiraz aksiyaları ilə “bol” olduğunu görən Pepsi, yeni reklam çarxını bu mövzuda etmək qərarına gəldi. Məşhur model Kendall Jenner ilə razılığa gələn şirkət “maraqlı” bir reklam çarxı çəkdi. Ssenari belə idi: bir qrup insan əllərində müxtəlif mövzulara etiraz bildirən pankartlarla küçədə gəzərək aksiya keçirir. Bu zaman Jenner kütlənin içərisindən irəli çıxır, bir ədəd Pepsi götürüb kütlənin qarşısında dayanmış polisə verir. Polis Pepsi-ni zövqlə içir, yanında dayanmış polis dostuna baxıb gülümsəyir. Bu, “Pepsi – bizi birləşdirən dəyər” şüarı ilə reklam idi.
Lakin hadisələr heç də Pepsinin istədiyi kimi getmir. Alıcılar siyasi ab-havanı öz reklamına alət edən Pepsi-yə qısa müddətli bir boykot elan edirlər. Satışların sürətlə azalacağını hiss edən şirkət reklamı bir anda dayandırır.
Çıxarılan nəticə: Siyasi ab-havanı reklamda istifadə edərək diqqət çəkmək gözlənilənin əksi nəticələr yarada bilər.
GAP yeni loqo dizaynı
uğursuz marketinq kampaniyaları siyahısında adı keçən, Amerikanın məşhur geyim və aksessuar brendlərindən biri GAP, 1986-cı ildən bəri serif formatda “GAP” yazılan loqodan istifadə edirdi. Bu loqo, çox klassik və köhnəlməz görünürdü və 90-cı illərin ruhunu tuta bilmişdi. Loqo o qədər uğurlu idi ki, şirkət 2016-ya qədər düz 30 il bu loqodan istifadə etdi (2010-cu ildəki 6 günlük fasiləni nəzərə almasaq).
2010-cu ildə şirkət loqonu dəyişərək daha müasir bir loqo istifadə etmək qərarına gəldi. Nəticə isə fiasko oldu. Alıcıların reaksiyası o qədər sərt idi ki, şirkət 6 gün sonra əvvəlki loqoya qayıtmağa məcbur oldu.
6 gün işlənən loqo (solda) və 30 il işlənən loqo (sağda) göstərilmişdir. 2016-cı ildə şirkət loqosunu yeniləsə də bu yeni loqo əvvəlki loqoya bir az dəyişiklik edilərək yaradıldı. Bu dəfə nəticə uğurlu oldu.
Çıxarılan nəticə: Loqo və dizaynın alıcılar üzərində gözləniləndən daha artıq rolu ola bilər. Bu səbəbdən də loqo və dizayn dəyişikliyi zamanı hər bir nüans nəzərə alınmalıdır. Bu təkcə illərdir fəaliyyət göstərən şirkətlərə yox, yeni qurulmuş şirkətlərə də aiddir. Düzgün olmayan dizayn və loqo seçimi hər şeyi başlamadan bitirə bilər.
McDonald’s-ın hüznlü reklamı
2017-ci ildə reklam fiaskosu yaşayan tək şirkət Pepsi deyildi. McDonalds Birləşmiş Krallıq üçün çəkdiyi televiziya reklamı ilə bir anda qınaq obyektinə çevrildi. Reklam çarxında vəfat etmiş atasını xatırlayan oğul anasından onun haqda bəzi xatirələri soruşur. uğursuz marketinq kampaniyaları siyahısında yer alan reklam ananın oğluna bir McDonald`s restoranında “o da sənin kimi balıq sendviçini sevirdi” deməsi ilə yekunlaşır.
Reklam təbii olaraq birmənalı qarşılanmadı. Çoxları McDonald`s-ı hüzn və kədərdən istifadə etməklə insanların hisslərini manipulyasiya etməkdə günahlandırdı.
Çıxarılan nəticə: İnsanların hisslərini manipulyasiya etməyə çalışmaq sərt reaksiya ilə qarşılaşa bilər. Xüsusən də hüznlü mövzularda.
Sony-nin və Nivea-nın “irqçi” reklamları
2006-cı ildə Sony Play Stationun ağ rəngli portativ cihazını təqdim etmək üçün qalmaqallı bir reklam hazırladı. Reklamda ağdərili bir qadın bir əli ilə qaradərili bir qadının üzündən tutur. Ağdərili qadın güclü və zəhmli, qaradərili isə itaətkar görünür.
Reklamın rasizmi təbliğ etdiyi bildirildi və çox sərt reaksiya ilə üzləşdi. Sony isə reklamda heç bir rasizm niyyətinin olmadığını bildirdi.
Nivea isə Yaxın Şərq üçün hazırlanan reklamındakı cümlə ilə diqqət çəkmişdi. Şirkət məhsullarından birinin reklamında “White is purity” (“Ağ rəng saflıqdır”) şüarını işlətdiyindən rasizm ilə təqsirləndirilmişdi. Nivea gələn sərt reaksiya sonrası reklamı dayandıraraq üzr istəmiş və reklamın yanlış anlaşıldığını bildirmişdi.
Çıxarılan nəticə: Reklam hazırlanarkən irqçi qəbul oluna biləcək bütün ünsürlər diqqətə alınmalıdır.
Ayds və Burger King-in başlarına gələn uğursuzluq
Zamanında Amerikanın məşhur qənnadı markalarından olan Ayds çəki itirməyə kömək edən dietik konfet istehsalı ilə məşhur idi.
Şirkət 1980-ci illərdə AIDS (QİÇS) xəstəliyinin yayılması və ona qarşı başlanan mübarizə dövründə satışlarda geriləmə yaşamağa başladı. Səbəb isə adının xəstəliyin adı ilə eyni səslənməyə malik olması idi. Konfetlərin insanın çəkisini azaltması isə xəstəliklə oxşar cəhət olduğundan konspirasiya teoremlərinin yaranmasına belə səbəb olmuşdu. Markanın sahibi olan Campana şirkəti, marka adını Diet Ayds olaraq dəyişdi. Lakin bu da problemi həll etmədi və sonda marka bazardan çəkildi.
Burger Kingin yaşadığı uğursuzluq hekayəsi isə internetdə sərt reaksiya verən alıcılarla yox, hakerlərlə bağlı oldu.
Şirkət smartfonlarda burgerlərin tərkibini Vikipediyadan oxumağa imkan verən kampaniyaya başlamaq niyyətində idi. İdeya çox yaxşı olsa da hakerlərin hücumu qarşısında aciz qaldı. Bir qrup haker məqalədəki inqredientləri sianid və.s kimi zəhərli maddələrlə dəyişdi. Şirkət kampaniyanı dayandırmağa məcbur oldu.
Bonus: Pepsi-nin “Harrier Fighter” reklamı
uğursuz marketinq kampaniyaları siyahısında yer alan kampaniyalardan biri də, Pepsinin layihəsidir. Pepsi 1999-cu ildə keçirdiyi kampaniyada toplanılan Pepsi xallarına uyğun hədiyyələr verirdi. 1 Pepsi xalı toplamaq üçün $0.10 dəyərində Pepsi almaq lazım idi.
Pepsi zarafat məqsədilə 7.000.000 Pepsi xalı toplayana Harrier qırıcı təyyarəsi hədiyyə olunacağını demişdi. Kampaniya qaydalarına əsasən isə Pepsi almadan da sadəcə şirkət hesabına pul göndərərək hədiyyə əldə etmək mümkün idi.
Bu boşluğu sezən və zarafatı ciddi qəbul edən John Leonard adlı şəxs isə lazım olan $7.000.000 məbləği şirkət hesabına köçürdü. Sonra isə təyyarənin ona verilmədiyini əsas gətirərək şirkəti məhkəməyə verdi.
Məhkəmə Pepsi lehinə qərar qəbul etsə də, bu hadisə marketinq tarixinə keçdi və şirkətlərə belə zarafat etməmələri üçün dərs oldu.