Thomas Edison-un icad etdiyi fonoqraf və “Motion Picture” adını verdiyi cihazdan sonra yaşadığımız dünyanın incəsənət sahəsində yeni bir səhifə açıldı. Haqqında danışacağımız səhifə bu gün hər birimizin həyatında rol alan kinomatoqrafiya sahəsidir. Edison-un əsas rəqibi olan Tesla-nın dediyi kimi, “Bir toplum eyni anda birdən çox dəyişikliyə hazır ola bilməz”. Serb dahinin dediyi kimi oldu, ilk dövrlərdə filmlərə maraq o qədər də böyük olmadı. Kinoteatrlar açılsa da, insanlar bəzən oraya getsələr də, çox zaman həmin obyektlər boş qalırdı. Amma zamanla hər kəs buna alışdı və indi filmlər və seriallar həyatımızın önəmli hissəsinə çevrilib. Bu günədək çəkilmiş filmləri müxtəlif kateqoriyalara görə sıralamaq və müqayisə etmək olar.
Bugünkü yazımız ən çox qazanc əldə edən filmlər haqqındadır. Bu siyahı çox böyük olduğu üçün sizə ilk onluqdakı – TOP 10 filmlər haqqında bəhs edəcəyik və onların necə bu qədər gəlir əldə etdiklərini açıqlamağa çalışacağıq.
10. Frozen II
Azərbaycan dilində adı “Qarlar ölkəsi – 2” olan film 2019-cu ildə izləyici qarşısına çıxdı. İlk filmin (Frozen) uğurunu davam etdirən animasiya filmi 150 milyon dollar büdcə ilə hazırlandı. Onun ümumi hasilatı isə 1 milyard 450 milyon dollar oldu. Bu siyahıda 10-cu pillədə olmasına baxmayaraq, sözügedən film animasiya filmləri arasında ən çox qazanc əldə edən filmdir. Filmin ssenaristləri Chris Buck və Jennifer Lee, filmin rejissoru Peter Del Vecho idi.
9. Furious 7
Ölkəmizdə “Forsaj” adı ilə bilinən bu filmlər seriyasının 7-ci filmi olan Furious 7 ABŞ istehsalı film idi. Bunlardan əlavə həmin filmdə Azərbaycanda, daha dəqiq desək, Qafqaz dağlarında keçən səhnələr də var idi. Rejissoru James Wan olan film 190 milyon dollarlıq büdcə ilə çəkilsə də, ümumən 1 milyard 516 milyon dollar gəlir əldə etdi. Bunun bir çox səbəbi var; aktyor heyəti (Vin Diesel, Paul Walker, Dwayne “The Rock” Johnson, Jason Statham, Tyrese Gibson, Jordana Brewster və s. kimi tanınmış aktyorlar filmdə rol alıb), daha əvvəl çəkilmiş 6 filmin davam filmi olması, filmin reklamlarına da böyük büdcənin ayrılması və s. Lakin 2015-ci ildə izləyici qarşısına çıxan filmin bu qədər izlənməsinin ən böyük səbəblərindən biri filmin çəkilişləri davam etdiyi müddətdə baş rol xarakterini canlandıran Paul Walker-in avtomobil qəzasında vəfat etməsi oldu. Film bir çox nominasiyada mükafatlara layiq görülsə də, film heyəti buna sevinə bilmədi.
8. The Avengers
Ölkəmizdə “Qisasçılar” və ya “İntiqamçılar” adı ilə yayımlanan film Marvel-in ən böyük proyektlərindən biri oldu. 2012-ci ildə Josh Wheodon-un həm ssenarist, həm də rejissor olduğu film izləyicilərin qarşısına çıxdı. Haqqında danışdığımız film 220 milyon dollarlıq büdcə ilə çəkildi. Bu proyektin də ümumi hasilatda uğurlu olmasında aktyor heyətinin rolu böyük oldu. Filmdə Robert Downey Junior, Chris Evans, Scarlett Johansson, Mark Ruffalo və bir çox tanınmış aktyor rol aldı. Eləcə də, Alan Silvestri-nin film üçün bəstələdiyi musiqilər və bu filmin Marvel kainatında olan filmlərin davam filmi olması Avengers-in 1 milyard 519 milyon dollar qazanc əldə etməsinə səbəb oldu.
7. The Lion King
1994-cü ildəki çəkilmiş animasiya filmi 2019-cu ildə yenidən çəkildi. Amma bu dəfə animasiya filmi deyil, klassik filmlər kimi oldu. Filmin rejissoru Jon Favreau oldu. Həmçinin filmdə bəzi heyvanların real hərəkətlərindən istifadə olundu. Filmin musiqiləri dahi bəstəkar Hans Zimmer tərəfindən bəstələnib. “Kral Şir”-in çəkilməsi üçün 250-260 milyon dollar büdcə ayrıldı, ümumi 1 milyard 657 milyon dollar gəlir əldə edildi.
6. Jurrasic World
“Yura Dünyası” adlı film 2015-ci ildə çəkildi. Chris Pratt-ın baş rolu canlandırdığı filmin rejissoru Colin Treverrow, ssenarist Rick Jaffa və Amanda Silver oldu. Filmdə istifadə olunan musiqilər isə Michael Giacchino tərəfindən bəstələndi. Filmin bu qədər uğurlu olması isə Jurrasic Park filminin yenidən çəkilməsi sayəsində oldu. Uşaqlıq dövründə filmi izləmiş şəxslər belə kinoteatrlara gedərək, yeni filmi izlədilər. 150 milyon dollar büdcə ilə çəkilən film 1 milyard 670 milyon gəlir əldə etdi.
5. Avengers: İnfinity War
Marvel-in daha bir Avengers-ı siyahımızdadır. Bu film 2018-ci ildə izləyici qarşısına çıxıb. Filmin rejissorları ilk 2 filmdən fərqli olaraq Joe və Anthony Russo qardaşları oldu. Russo qardaşların uğurlu işi ilə bu film tamam başqa səviyyəyə qalxdı. 400 milyon dollar civarı bir büdcə ilə çəkilən film 2 milyard 48 milyon dollar gəlir əldə etdi. Bu filmin də uğurlu olmasında həm Marvel kainatında keçən filmlərin davam filmi olması, həm də aktyor heyətinin prestijli adlardan təşkil olunması rol oynadı.
4. Star Wars: Force Awakanes
Ulduz Savaşları seriyasının davam filmi olan Force Awakanes Star Wars heyranlarının böyük marağına səbəb olmuşdu. Filmin rejissoru Jeffrey Jacop Abraham, filmdə işlənən musiqilərin bəstəkarı John Williams olmuşdu. Filmin aktyor heyətində Harrison Ford, Andy Serkis və başqa önəmli adların olması filmə olan marağı artırdı. 2015-ci ilin sonunda izləyici qarşısına çıxan Force Awakanes 306 milyon dollarlıq büdcə ilə çəkildi və 2 milyard 68 milyon dollar qazanc əldə etdi.
3. Titanic
Bəli, bəli, Titanic. Hamımızın bildiyi, Leonardo Di Caprio-nun rol aldığı həmin film siyahımızda 3-cü yerdədir. 1997-ci ildə çəkilən film həmin dövr üçün fantastik sayıla biləcək büdcə ilə çəkilmişdi. 200 milyon dollar. 1997-ci ildə hansısa bir filmə bu cür inventsisiya qoymaq dəlilik kimi idi. Lakin filmin reklamı çox önəmli oldu. Sırf uğurlu reklamlara görə, hər kəs kinoteatra gedib filmi izləmək istəyirdi. Bundan əlavə, filmin izləyicilərdə yaratdığı xoş təsirdən istifadə edən kinoteatrlar hazırda da bu filmi göstərişə qoyur və maraqlıdır ki, dəfələrlə izləmələrinə baxmayaraq, insanlar bu filmi izləmək üçün yenidən kinoteatrlara gedirlər. Elə buna görə rejissoru James Cameron olan film 2 milyard 195 milyon dollar qazanc əldə edə bilib.
2. Avatar
James Cameron-un daha bir böyük işi olan Avatar 2019-cu ilə kimi bu siyahının ən yüksək zirvəsində idi. 2009-cu ildə izləyici qarşısına çıxan film tez bir zamanda izləyicinin rəğbətini qazandı. Ölkəmizdə də sevilən film 2010-12-ci illər aralığında tez-tez yerli televiziyalarda nümayiş olundu. Avatar filmi yayımlandıqdan sonra Titanic-in 12 ildir ki əlində tutduğu ən çox qazanc əldə edən film rekordunu yenilədi və 237 milyon dollarlıq büdcə ilə çəkilən film 2 milyard 790 milyon dollarlıq gəlir əldə etdi. Bu qədər böyük məbləğdə gəlir əldə edilməsinin əsas səbəblərindən biri filmin reklamlarına nə az, nə çox, düz 10 milyon dollar büdcə ayrılması oldu.
1. Avengers: End Game
Marvel-in prezidenti Kevin Feige İnfinity War-ın uğurlu hasilat etməsindən sonra yeni çıxacaq filmin ən çox qazanc əldə etməli olan film olmasını hədəflədi. End Game 2019-cu ilin aprel ayında Dünyanın müxtəlif yerlərində müxtəlif zamanlarda izləyici qarşısına çıxdı. Ölkəmizdə filmə olan maraq çox böyük idi, filmin ilk seanslarına biletlər 1 ay əvvəldən satışa çıxsa da, 3 gün sonra həmin biletlərin hamısı satıldı. İşin belə olduğunu görən Feige Avatar-ı keçəcəklərini düşündü. Lakin bu elə də asan olmadı. 400 milyon dollar civarı bir büdcə ilə çəkilən film ilk hasilatda 2 milyard 752 milyon dollarlıq gəlir əldə etdi ki, bu da Kevin Feige-ni məmnun etmədi. Buna görə də, Marvel rəhbərliyi təcili toplantı etdi. Oradan filmin yenidən göstərişə çıxması qərarı çıxdı. Bu dəfə çəkilişlər zamanı silinmiş səhnələrin bəziləri bərpa olunaraq film yenidən izləyici qarşısına çıxdı. Bununla da Marvel böyük arzusuna çatdı. Marvel kainatının filmi artıq ən çox qazanc əldə edən film oldu. 2 milyard 798 milyon dollar. Film bu mənada rekord yeniləməsində aktyorların da böyük rolu oldu. Daha əvvəlki filmlərdən əlavə bu filmdə Benedict Cumberbatch, Brie Larson, Karen Gillan, Chris Pratt və Josh Brolin kimi böyük ulduzlar da iştirak etdi.
“Kinoteatr tarixində məşhur yol filmləri” adlı məqaləmizi oxumaq üçün bura daxil olun.