Yəqin ki, hər kəs bədən dilinin həyatımızdakı rolundan, hər sahədə necə əhəmiyyət kəsb etdiyindən xəbərdardır. Əl sıxma da salamlaşma, görüşmələr, minnətdarlıq və təbriketmə əlaməti olaraq bilinən bədən dilimizi təşkil edən əsas davranışlardan biridir. Lakin hazırda saysız-hesabsız dərəcədə canlar alan, insanların kabusuna çevrilmiş, bütün dünyanı öz cənginə alan və hələ də almaqda davam edən koronovirus pandemiyası çox şeyi, eləcə də, hələ qədim yunan-roma mədəniyyəti dövründən yaranan əl sıxma mədəniyyətimizi də əlimizdən aldığından bu vərdişi dayandırmağımıza səbəb olub.
Yaranmasından bəhs etmişkən, ümumiyyətlə, necə meydana çıxması haqqında da danışmaq yerinə düşər. Bu jest vaxtilə insanların bir-birilə görüşündə salamlaşdıqda əlinin silahsız olması, yəni güvənilir, təhlükəsiz olması anlamına gəlirmiş. Bunu da ovuclarının boşluğu ilə isbat cəhdi olaraq görürdülər. Kişilər arasında döyüşlərin aktual olduğu dövrdə yarandığından indi də bəzi insanlar bunu sırf onlar arasında olmalı olan davranış kimi qarşılayırlar. Hətta bəzi xalqlarda da bunu görmək olar.
Xalqların, ölkələrin müxtəlifliyinə görə bu vərdiş dəyişir. Məsələn, İngiltərədə məsafəli bir əl sıxışması var. Yüngül şəkildə əl sıxandan sonra yaxından danışmamalısan. Braziliyada Braziliyalılar çox həvəslə əl sıxırlar. Braziliyalı bir insanla üz-üzə gəlsəniz, əlini uzun müddət sıxın və gözlərini sizdən götürənə qədər sıxmağa davam edin. Bunun səbəbidir ki, onlar göz kontaktına böyük əhəmiyyət verirlər. Moroccoda yanlız eyni cinslilər bunu edə bilər. Avstraliya da qadınsınızsa, bir kişi ilə əl sıxmadan əvvəl siz əl uzatmalısınız. Fransada isə, Braziliyanın əksinə olaraq, çox uzatmadan, sadəcə yumşaq və tez şəkildə əl sıxıb dərhal da geri çəkməlisiniz.
Yuxarıda göstərilən həmin bu ölkələr üzrə dəyişmələrdən asılı olaraq da, bu mədəniyyət onların gündəlik həyatında, iş dünyasında da dəyişir. Ümumən, iş dünyasındakı əhəmiyyətinə nəzər salsaq, çox əhəmiyyətli bir davranış olduğunu deyə bilərik. Belə ki, müsahibələrdə əl sıxmağınız yaxşı bir ilk təəssürat yaratmağa kömək edəcək ən vacib amillərdən biridir.
Yaxşı bir əl sıxma apararkən nəzərə alınmalı bir neçə qayda var.
Sizə qəribə səslənə bilər, lakin, yaxşı olardı ki, müsahibədən əvvəl bu prosesi yaxşıca məşq edəsiniz. Çünki qarşınızdakının əlini sıxarkən siz onunla göz kontaktında olmalı, əlinizə və ayağınızın altına yox, o insana baxmalı, eləcə də nə çox zəif şəkildə, nə də qarşınızdakının qolunu “qoparacaq” çox güclü olmayacaq formada etməlisiniz. Zəif şəkildə əl sıxma sizin özünüzə inamsızlıq, güvənsizliyinizi əks etdirəcəkdir. Bütün bunlara görə də, əl sıxma üzərində işləyin, davranışın özü nə qədər vacibirsə, düzgün edilməyi də bir o qədər önəm təşkil edir.
Şablon olaraq iş həyatımızda nə qədər önəm daşıdığından bəhs olunsa da, məlumdur ki, əksər insanlar bunu etmir. Bu isə özlüyündə daha çox çəkinmədən, utancdan doğur. Lakin elə ilk addımı qarşı tərəfdən görmədikdə, yaxud gözləməyib özünüzün atmağı daha məqsədəuyğun haldır. Belə ki, bu zaman bununla siz qarşı tərəfdə təəccüb, özünüzdə isə ruh yüksəkliyi, özünə inam, ümumən isə, səmimiyyət atmosferi yarada bilərsiniz.
Araşdırmalar zamanı əl sıxma ilə bağlı müxtəlif maraqlı faktlar qeydə alınmışdır.
2018-ci ildə Mançester Universitetinin alimləri aydınlaşdırıblar ki, güclü əl sıxması olan insanlar yaxşı əqli qabiliyyət ilə fərqlənirlər. “Biz əzələ qüvvəsi ilə beynin sağlamlığı arasında aşkar əlaqəni görürük”, – araşdırma müəlliflərindən biri Cozef Fert qeyd edib. Təxminən yarım milyon məlumat analiz edərək alimlər nəticəyə gəldilər ki, zəif əl sıxması olan insanlar daha az sıxlıqlı ağ maddəyə malikdir. Təbii ki, bu araşdırmada “güclü əl” sıxması dedikdə , keçmiş ABŞ prezidenti Trump və onun kimi liderlərin əl sıxması nəzərdə tutulmur. Məlumdur ki, liderlərin o davranışı nə qədər kobud olsa da, bu bir siyasi əl sıxmadır.
Digər araşdırmaya nəzər salsaq, milliyyətcə ingilis olan professor Geoffrey Beattie 12 fərqli amil üzərindən mükəmməl bir elmi əl sıxışma düsturu hazırlayıb. Hansı ki, o, bura göz təması, simmetrik gülüş, əllərin quruluğu, sərf olunan zaman ( üç saniyə ərzində), sağ əlin istifadəsi, əllərin temperaturu nəzərə alınmaqla və s. kimi incə məqamları daxil edərək bir araya gətirib.
“Virtual iş mədəniyyəti yaratmağın 3 əsas yolu” adlı yazını oxumaq üçün bura daxil olun.