“Déjà vu” fransız dilində “artıq görüldü” deməkdir. Bu həmin an yaşadığınız və ya gördüyünüz bir hadisəni daha əvvəl yaşadığınız hiss və düşüncə halıdır. Mütləq sizin də “bu anı sanki daha əvvəl yaşamışdım, xatırlayıram” dediyiniz vaxt olub. Bu hadisənin səbəbləri ictimaiyyət arasında bir çox şəkildə izah olunur. Bəziləri bunu reenkarnasiya, asketizm, gələcəyi görmə kimi izah etsə də, digərləri “kainatın dinamikasında pozulma, xəta” kimi izah etmişdir. Bəs işin əsli nədir? Elm dejavu haqqında nə deyir?
Elmi ədəbiyyatda dejavu ilk dəfə 1928-ci ildə Eduard Titchenerin “Psixologiya” kitabında təsvir edilmişdir. Titchener hadisəni bu cür təsvir etmişdir: beyin bir təcrübə üçün tam qavramadan əvvəl qismən qavrama edir. Bu qavrayış qismən əvvəllər baş vermiş bir hadisə olduğu təsəvvürünü yaradır.
Elmi cəmiyyətdə dejavu xatırlanan və ya yeni yaranan bir hadisədə meydana gələn və yenidən yaşanmışlıq hissi oyandıran bir yaddaş xətası olaraq görülməkdədir. “The Matrix” filminin bu mövzuda izahı reallığa ən yaxın izah olduğunu deyə bilərik. Filmdə Carrie-Anne-Moss tərəfindən canlandırılan üçlük xarakteri dejavunu belə izah edir: dejavu, ümumiyyətlə, Matrix-də bir xəta baş verdiyi mənasına gəlir. Bir şeylər dəyişdirdiklərində meydana gəlir. “The Matrix”in fəlsəfi mənşəyinin şüur və reallıq arasındakı sorğuya əsaslandığını nəzərə alsaq, dejavunun şüurumuzda meydana gələn reallıq və yaddaş qavramındakı müvəqqəti bir xəta olduğu açıqlaması olduqca doğrudur.
2004-cü ildə aparılan araşdırmaya görə hər 3 nəfərdən 2-si ömründə ən azı bir dəfə dejavu yaşamışdır. 1928-ci ildən bəri dejavu ilə bağlı bir çox fərziyyə irəli sürüldü. Bunlardan ən güclüsü və eksperimentalı yaddaşla əlaqəli fərziyyələrdir.
Qısa müddətli şüur itkisi
1941-ci ildə aparılan araşdırma dejavunun necə yarandığını gözəl bir şəkildə göstərməkdədir. Belə ki, Dr. Banister və Dr. Zangwill subyektlərinə bəzi materiallar göstərdi və öyrənmələrini istədi. Sonra hipnoz üsulu ilə hipnozdan sonrakı şüur itkisini yaratdılar. Beləliklə, hipnozdan əvvəl göstərilən materiallar ilə yaddaş əlaqələrini zəiflətməyi hədəflədilər. Daha sonra hipnozdan əvvəl göstərdikləri materialları təkrar göstərməklə yadda saxladıqları mövzuları soruşdular. 10 respondentdən 3-ü bu materialları əvvəl gördüklərini, lakin harada gördüklərini xatırlaya bilmədiklərini və “dejavu” yaşadıqlarını söylədilər.
Bənzərliyə əsaslanan tanımlama
Eynilə 2008-ci ildə Dr. Cleary tərəfindən aparılan araşdırmada dejavunun yaddaş tiplərindən bənzərliyə əsaslanan tanımlama ilə əlaqəli olduğu göstərilmişdir. 2012-ci ildə virtual reallıqdan istifadə edərək aparılan təcrübələrdə bu tip yaddaşın həqiqətən dejavu ilə əlaqəli olduğu sübut edildi.
Şifrəli şüur itkisi
Bəzi tədqiqatlar bu nəticələri fərqli yollarla dəstəkləyir. Beynimiz mükəmməl deyil. Zaman-zaman səhvlər edir, yaddaşımızda olan məlumatlar unudulur, dəyişir və ya silinir. Bəzən yaddaşımızda olan məlumatlar şifrəli şüur itkisi (cryptoamnesia) deyilən bir şəkildə silinir. Lakin bəziləri beyində qorunub saxlanılır. Sonralar bu ana bənzər vəziyyətlə qarşılaşdığımızda silinən xatirəni yenidən xatırlamağa çalışırıq. Bu hadisə əvvəl yaşadığımıza çox bənzəyir, digər tərəfdən həmin hadisənin hazırda yaşadığımızdan bir qədər fərqli olduğunu düşünürük. Bu da dejavu ilə üst-üstə düşür.
Beyin lobları arasında gecikmə
Dr. Robert Efron kimi bəzi elm adamları dejavunun həm də iki beyin lobu arasında məlumatların işlənmə sürətindəki mikrosaniyəlik fərqlərlə əlaqəli olduğunu iddia etdilər. Beynimizin həm sol, həm də sağ lobu məlumatları öz daxilində işləyir. Bununla birlikdə daxil olan məlumatların çeşidlənməsi işi sol beynin müvəqqəti lobunda aparılır. Normalda beyin sol beyinə birbaşa daxil olan siqnallarla sağ beyin arasındakı vaxt fərqini (gecikmə) düzəldir. Beləliklə, siqnalları sinxronlaşdırır. Ancaq bunu qüsursuz bir şəkildə yerinə yetirə bilmədikdə siqnallar arasında sinxronizasiya pozuntusu olur. Bu da dejavuya səbəb ola bilər.
Beynimizin iki lobunu bir-birinə bağlayan “corpus callosum” adlı körpüdəki neyron şəbəkələrdə yaranan pozuntular tərəflərin məlumatlarının müvəqqəti olaraq bir-birilə üst-üstə düşməməsinə səbəb ola bilər. Bu da əslində aralarında 10 mikrosaniyə fərq olacaq iki siqnal arasında 15 mikrosaniyə fərq olmasına səbəb olur. Beyin bunun 10 mikrosaniyəsini düzəldir geri qalan 5 mikrosaniyəlik fərq dejavuya səbəb olur. Fərd eyni hadisəni iki dəfə yaşadığını düşünür.
Yuxular
Başqa bir izah isə yuxularda yaşanan hadisələrin gerçək həyatda oxşarı ilə qarşılaşmağımızdır. Alan Brown tərəfindən 2004-cü ildə aparılan araşdırmada iştirakçıların 20%-nin dejavu təcrübələrinin yuxuları 40%-nin isə həm yuxu, həm də gerçək həyatdakı hadisələrlə üst-üstə düşdüyü məlum olur.
Xəstəlik nəticəsində dejavu
Dejavunun bəzi xəstəliklərlə əlaqəli olduğunu da qeyd etmək lazımdır. Tarix boyu dejavu şizofren, narahatlıq və şəxsiyyət pozğunluğu ilə əlaqələndirilmişdir. Təəssüf ki, bu xəstəliklərlə əlaqəsi tam aşkar edilməyib. Fəqət yan lob epilepsi (temporal lobe epilepsy) adlanan xəstəliklə birbaşa əlaqəli olduğu ortaya çıxmışdır. Bu əlaqəni araşdıran alimlər dejavunun həddindən artıq sinir elektrik boşalması nəticəsində yarandığı fikrini irəli sürmüşlər. Normalda hər bir insanda mülayim epileptik tutmalar ola bilər. Dejavunun 10 xromosom üzərində tapılan LGI1 adlı genlə də əlaqəsi olduğu düşünülməkdədir.
Əlaqəli mövzular və nəticə
Bütün qeyd edilənlərlə yanaşı mövzu ilə əlaqəli bir neçə başqa nümunə var. Məsələn, jamais vu (fransızca “heç görməmişəm’ deməkdir.) əvvəllər qarşılaşdığımıza əmin olduğumuz bir vəziyyətdə həmin vəziyyəti ilk dəfə yaşadığımızı hiss etdirən bir hadisədir. Bunu müəyyən dil pozğunluqlarında, huşunu itirmə xəstəliklərində görmək olar.
Presque vu (fransız dilində “dilin ucunda’ mənasını verir.) hamımızın tez-tez qarşılaşdığı, sözün dilimizin ucunda olduğunu, lakin xatırlaya bilmədiyimiz vəziyyətlərdə istifadə olunur.
Deja entendu (fransız dilində “artıq eşitdim’ mənasını verir.) əvvəl eşitdiyimiz bir şeyi eşitdiyimizi, lakin əmin olmadığımızı hiss etdirir.
Nəhayət, reja vu gələcəkdə bir hadisənin yenidən baş verəcəyini düşünmək hissidir.
Mənbə: kigem.com