Bu yazımızda Dairəvi İqtisadiyyatı qısaca izah edəcəyik və hansı sektorlara yönəlmək lazımdır, müsbət tərəfləri nələrdir kimi nüanslara toxunacağıq. 2019-cu ildə dünya təqribən 300 milyon ton plastik atmışdır, tullantı olaraq. Bu rəqəm hardasa dünya əhaləsinin ümumi çəkisinə bərabərdir. Verilən proqnozlara əsasən, 2050-ci ildə okeanlarda balıqlardan çox plastika olacaq. Digər bir göstərici, 1 ilin texnoloji tullantısı 50 milyon tondur. Digər bir məqam isə dünyanın bir çox ölkəsində insanların aclıq ilə mübarizə aparmasına baxmayaraq, 1 ildə istehsal olunan qidanın 3 də biri tullantı olaraq getməkdədir.
Bu statistik göstəriciləri uzatmaq olar. Ancaq ümumi nəzər yetirdikdə aydın olur ki, problem lazım olandan artıq almaqda və lazım olandan az geridönüş etməkdəndir. Tullantı rəqəmlərinin bu dərəcədə böyüməsinin mərkəzində əsas bu 2 nüans yatmaqdadır.
Təbii ki, iqtisadiyyatın bütününə bu nüansları aid etmək olmaz. Əgər dairəvi iqtisadiyyat modelinə keçid edəcəyiksə, ilk mərhələdə qeyd edəcəyimiz 5 fərqli sektora bunu tətbiq etmək lazımdır. Bunlara aiddir, Sement, Aliminium, Polad, Plastik və qida sektoru. Sadəcə bu 5 sektora tətbiq edilməsilə, 3.7 milyard ton CO2 emissiyasını azaltmaq mümkündür. (Bu göstərici illik təqribən 36 milyard ton-dur)
Qeyd edilən sektorlara dairəvi iqtisadiyyat modelinin tətbiq edilməsilə sadəcə tullantı və emissiya rəqəmlərini azaltmırıq. Əlavə olaraq, iqtisadi fürsətlər də yaradırıq. Bu sektorlara tətbiq etməklə, tullantıdan imtina edirik, biznesin inkişafına dəstək oluruq və yeni iş imkanları yaradırıq. Sadəcə bu sektorlara tətbiq edilməsilə 4.5 trilyon dollarlıq bir iqtisadi fürsətdən söz gedir.
Bəs Dairəvi iqtisadiyyat modelinə necə keçid edə bilərik?
Aşağıda qeyd edəcəyimiz 3 sadə addım ilə iqtisadiyyatı dairəvi modelə doğru aparmaq mümkündür.
1. Daha az istehlak
Daha az istehlak etmək prosesi öz daxilində fərqli komponentləri ehtiva edir. Bunlar dövlət, fərd və şirkətlərdir. Çünki şirkətlər və fərdlər ən çox istehlak edənlərdir, bunun yanında şirkətlərin də əsas məqsədi elə daha çox insana daha çox satış etməkdir. Bu paradoksu həll etmək, hər 3 komponentin üzərinə düşməkdədir. Dövlət, qanunvericilik aləti ilə həm fərdlər, həm də şirkətlər üçün daha az tullantıya səbəb olacaq səviyyədə limitlər gətirə bilər. Fərqli yolları var təbii ki. Bəzi məhsulları qadağa etmək və ya vergisini artırmaq, ümumiyyətlə ölkəyə girməsinə icazə verməmək kimi.
Fərdlər də eyni şəkildə, öz həyatlarını elə dizayn etməlidirlər ki, minimum tullantıya səbəb olsunlar. Bu bir statistik göstəricidir ki, zəngin ölkələr kasıblara nəzərən 10 dəfə daha çox istehlak edirlər. Burda fəlsəfi məsələlərə toxunmaq lazım deyil. İqtisadi olaraq baxdıqda, tarazlığın olmadığını görürük. Zəngin ölkələr daha çox istehlak etməyə bilər. Çünki sadəcə satın alırlar. Bu tullantı rəqəmlərindən görünür. Bunu dövlətlər, təşkilatlar nə qədər üzərində çalışsalar da, əsas məsələ fərdin özündə bitir. Fərdlər, ailələr bu prinsipə əməl etsələr, aşağıdan yuxarıya doğru böyük miqdarda tullantının qarşısını ala bilərlər.
2. Daha yaxşı istehlak (və ya daha ağıllı/səmərəli istehlak)
Bu günün iqtisadi modeli satın almaq üzərinə qurulub. Bir şeyə ehtiyac varsa, satın al. Xarab oldu və ya yeni modeli çıxdı, satın al. Köhnəldi satın al. 1 ayda sadəcə 30 dəqiqə istifadə edəcəksən, eybi yoxdur yenə də satın al, əlinin altında olsun. Evinin düz yanından avtobus işləyir, özü də işlədiyin ofisin qabağından keçir, heç nə olmaz bir avtomobil al. Lazım olar, rahat gedib gələrsən. Filan əşya bizdə var, götür işlət qaytararsan, yox! Düşər düşməzi var, təzəsini alacağam.
Bu düşüncələr hər mədəniyyətdə fərqli olsa da, satış minlərlə bu kimi düşüncə üzərinə qurulub. Yenə də fəlsəfi söhbətlərə girmədən və ya müzakirə etmədən, sadəcə iqtisadi olaraq məsələyə baxaq. İnsanlar evində sadəcə ildə 1-2 dəfə istifadə etdiyi şeyləri belə satın alırlar. İllərdir anbarlarından saxladıqları şeylərə hər il əlavələr edirlər. Bu ağıllı və ya səmərəli istehlak deyil. Buna görə, son illərdə paylaşım iqtisadiyyatı gündəmə gəlməkdədir. İnsanlar artıq istifadə etmədikləri zamanlarda əşyalarını, hətta evlərini və avtomobillərini belə paylaşa bilirlər. Bu ehtiyacdan artıq olanın istehsalının qarşını alır. Təbii olaraq tullantının miqdarını da azaldır.
Məsələ sadəcə paylaşmaq da deyil, məhsulunun sadəcə özünə aid olmasını istəmək də bir seçimdir. Bu zaman isə geri dönüşümə uyğun məhsullara üstünlük vermək yerində olar. Bu cür davranışları mənimsəmək böyük ölçüdə təbiətə verdiyimiz ziyanı azaldacaq. Sadəcə fərdlər, firmalar və dövlərin bu prosesdə bir yerdə hərəkətə edərək ideal bir model ortaya qoymaları daha effektli bir həll yolu olacaqdır.
3. Sistematik bir dəyişiklik yaratmaq.
Yuxarıdakı maddədə qeyd etdik ki, ideal bir modelin ortaya qoyulması daha effektli olacaqdır. Ümumi iqtisadiyyat olaraq baxdıqda, hər kəs bunu edəcək gücdə deyil. Qismən iqtisadiyyat və bu günkü texnologiya buna hazır deyil. Ancaq olduğu qədər bunu etmək lazımdır. Burda yenə əsas rol dövlətlərin üzərinə düşməkdədir. Çünki qanunverici qurum dövlətdir. İqtisadiyyatın bütün komponentlərinə təsir edən qaydaları qoyub, təqib edə bilir. Bu yerdə dövlətlər, firmaların bu istehlak növünə yönəlməsinə təşviq etməlidir. Çünki proses sadəcə fərdlərin səyi ilə getməyəcək. Çünki fərdlərin qarşısına məhsul təqdim edən firmalardır. Fərd nə qədər öz istehlak tərzini dəyişməyə çalışsa da, digər tərəf də buna uyğun məhsul və xidmət təqdim etməlidir. Bu sistemi təşkil edəcək olan isə dövlətdir. Geri dönüşümə uyğun olan mallara istehsalı üçün firmalara vergi endirimi etmək olarş. Bu sahəyə olan investisiyalarını artırmaq üçün onlara uzunmüddətli güzəştlər etmək olar. Hansı ki, məcburi etməkdən daha çox səmərəli olduğu üçün könüllü olaraq istehsal prinsiplərini dəyişdirsinlər. Bu güzəştlər, qayda-qanunlar qeyd etdiyimiz kimi, tək yönlü deyil, həm firmaları, həm də fərdləri işin içinə aldığı zaman daha uğurlu olacaq.
Bu yazıda qısa və sadəcə 3 addımda dairəvi iqtisadiyyata necə keçid etmək olar ona nəzər yetirdik. Bu prinsiplər ümumi olaraq düşünülür. Firmalar baxımdan hər bir sektor üçün bu dəyişikliyə getmək, fərqli bir planlama istəyir. Hər bir ölkə eyni qanunları eyni tərzdə qəbul edə bilmir. Çünki hər kəsin iqtisadiyyatı, texnoloji səviyyəsi də eyni deyil. Ancaq ümumi davranış baxımından əsas bu 3 yol, həm fərdlər, həm də firmalar üçün dairəvi iqtisadiyyat modelinə keçid etmə yolunda uğurlu addımlar olacaqdır.
Məzə Rəqabəti: PeaTos adlı məqaləyə nəzər yetirmək üçün bura kliklə.