
1. “Bir təbəssüm bir ümid” layihəsi nə vaxt yarandı?
2016 -cı ildə facebook-da bir foto gördüm. Uşaq mavi sellofanı məktəbli çantası etmişdi. Rəylərə baxdıqda isə o fotonun Azərbaycanın kəndində çəkildiyi yazılırdı. Bundan sonra qərara gəldim ki, sosial media-da elan paylaşım və məktəbli ləvazimatları toplayıb onları ehtiyacı olan uşaqlara aparım. Elə də etdim. Heç bir reklam olmadan kifayət qədər əşya topladım və əşya gözlədiyimdən o qədər çox olduki nəinki Bakı hətta bölgələrə də səfər etməyi düşündüm. İlk səfərimiz və hekayəmiz belə başladı.
2. Layihənin gələcək fəaliyyəti barədə hansı planlar var?
Biz hal-hazırda layihəni bütün ölkə ərazisinə yaymaq barədə çalışırıq. İstəyirik ki, avtomatlaşdırılmış bir sistem quraq və müəyyən yerlərdə yaşayan uşaqlara aylıq və ya rüblük stabil yardım göndərə bilək. Həmçinin hüquqşünas dostlarımızla birlikdə uşaqlara və valideynlərə hüquqi köməklik də göstəririk. Biz uşaqların şiddət görmədən və problemlərdən uzaq böyüməsini istəyirik və layihəmizi də əsas bu istiqamətdə formalaşdırmağa başlamışıq.
3. Layihənin uğurlu olmasına hansı faktorlar təsir edir?
İnsanlarımızın yardımsevər olması bizə daha çox motivasiya verir. Bu yolda tək olmadığımızı bilmək çox gözəldir. Xüsusən övlad sahibi olan insanlar başqalarının da övladları üçün bir şeylər etməkdən çəkinmir. Ətrafımızda müəyyən sahələrdən bizə dəstək olan insanlar, iş adamları da var. Bu kimi hallar layihəmizin daha da tanınmasına və davamlı olmasına kömək edir.
4. Sizcə bu layihə cəmiyyətdə ən başlıca hansı problemləri həll edir?
Səfərlərimiz zamanı kəndlərdə yerləşən məktəbləri və uşaqların fotolarını da çəkərək, o ərazilərdə olan məktəb problemini və digər sosial-məişət problemlərini də işıqlandırmış oluruq. Bizim səfərlərdən sonra dövlətimizin həmin kəndlərdə yeni məktəb tikdiyi xəbərlərini də almışıq. Belə hallar bizi daha da xoşbəxt edir və inanırıq ki, gələcəkdə ölkəmizdə təmirsiz məktəb və təhsil ala bilməyən uşaq qalmayacaq.
5. “Bir təbəssüm bir ümid”in hazırda nə kimi layihəsi baş tutur?
Hal-hazırda biz 1 iyun uşaqlar günü ilə bağlı cəbhəyanı bölgələrdə olan rayonlara səfər etməyi planlayırıq. Orada yaşayan balaca dostlarımızın görüşünə gedib onlara hədiyyələr aparmaq istəyirik. Artıq layihəmizə bir sıra insanlar dəstək olmağa başlayıb. Və istərdik ki, digər insanlar da bizə qoşulsun və cəbhəyanı bölgələrdə yaşayan uşaqları birlikdə sevindirək. Çünki bizə görə, 1 uşaq gülümsəsə, bütün dünya gülümsəyər.
Kontakt Home-Simfoniya qədər ahəngdə adlı məqaləmizi oxumaq üçün bura daxil olun.