Sosial media dedikdə, geniş istifadəçi kütləsini əhatə edən onlayn platformalar nəzərdə tutulur. Hansı ki, burada istifadəçilər öz hazırladıqları məlumatları dostları yaxud izləyiciləri ilə paylaşmaqla qarşılıqlı informasiya mübadiləsinə nail olurlar. İstifadəçilər müəyyən mövzunu əhatə edən məqalələri, xəbərləri, gündəlik hadisələri, foto yaxud video paylaşımları müvafiq sosial platformalarda izləyə və hər hansı mövzuya dair fikirlərini ifadə edə bilirlər. Əgər qeyd etsək ki: “bugün hər birimiz bu və ya digər dərəcədə sosial şəbəkələrdən asılıyıq” – heç də yanılmarıq. Gənclərin sosial şəbəkələrdən hansı məqsədlə istifadə etdiklərindən asılı olaraq, onların gənclərin həyat və fəaliyyətinə, şüur və dünyagörüşünə təsirləri də fərqli olur. Təəssüf hissi ilə qeyd edirik ki, sosial şəbəkələrin gənclərə mənfi təsirləri, müsbət təsirlərinə nisbətən daha çoxdur. Sosial şəbəkələrin səbəb olduğu mənfi halları aşağıdakı kimi sıralamaq olar:
-
Sosial platformalar asılılıq yaradır.
Bugün cəmiyyət bir-biri ilə yanaşı oturan lakin danışmayan, diqqətini sadəcə telefonlarına yönləndirən insanlarla doludur. Belə ki, Facebook, Instagram, Youtube, Twitter və s. kimi sosial platformalarda uzun müddət aktivlik göstərdikdən sonra, insanlar özləri belə bilmədən onlardan asılı hala düşürlər. Bunun nəticəsidir ki, bəzi gənclər hətta bir saat belə sosial şəbəkələrə daxil olmadan dayana bilmirlər. Yəni onlar ailələri, dostları və sevdikləri ilə müqayisədə sosial media dostları ilə daha çox vaxt keçirirlər. Hətta yuxudan oyanan kimi ilk, yuxuya getməzdən öncə isə son gördükləri iş sosial media hesablarının bildirişlərini yoxlamaq olur. Bu da onların sosial şəbəkələrə bağlılığını bir daha sübut edir.
-
Sosial şəbəkələr bəzi hallarda depressiyaya gətirib çıxarır.
Son zamanlarda gənclər arasında sosial şəbəkələrdə populyar olmaq istəyinin artması müşahidə olunur. Belə ki, onlar izləyicilərinin sayının artması, paylaşımlarının daha çox insana çatması, hazırladıqları məlumatların daha çox bəyəni və rəy alması üçün gecə-gündüz yorulmadan çalışırlar. Bunun üçün onlar ən yeni dəbə uyğun geyimlərdən istifadə edir, bahalı restoranlarda nahar zamanı paylaşımlar edirlər. Hətta bəzən də sadəcə diqqəti cəlb etmək məqsədilə reallığa uyğun olmayan xəbərlər yayırlar. Bəzi psixoloqlar qeyd edirlər ki, gənclər sosial mediada gördükləri sevgini real həyatda görə bilmədikləri üçün həyatlarını tam olaraq sosial şəbəkələrə həsr edirlər. İşlər planlaşdırdıqları kimi getmədikdə isə, məsələn: populyarlıq azaldıqda yaxud insanlardan əvvəlki diqqəti görə bilmədikdə, onlar depressiya kimi ciddi psixoloji problemlə üzləşirlər.
-
Sosial media diqqətin cəmlənməsinə mənfi təsir göstərir.
Məktəblilər və tələbələr verilən tapşırığın yerinə yetirilməsi zamanı hazırlıq prosesinin gedişinə tam olaraq diqqəti yönləndirə bilmirlər. Davamlı olaraq fasilələr verərək sosial şəbəkə hesablarını yoxlayırlar: yazılan rəyləri cavablayır, yaxud əsas səhifədə paylaşılan yeni məlumatları oxuyurlar. Bu, bir tərəfdən xeyli vaxt itkisinə gətirib çıxarır, digər tərəfdən isə gənclərin yenidən fikrini dərsə cəmləməsinə mane olur. Psixoloqların fikrincə, bu kimi tez-tez və davamlı verilən fasilələr öyrənmə və fəaliyyətin məhsuldarlığını aşağı salır.
-
Sosial şəbəkələr kibertəhlükə daşıyıcısıdır.
Əksər istifadəçilərin sosial media hesablarına nəzər salsaq, şəxsi məlumatlarının qeyd olunduğunun şahidi olarıq. Ekspertlərin fikrincə, ev ünvanının yazılması, ailə üzvləri haqqında məlumatların yerləşdirilməsi və şəkillərin təqdim edilməsi, hətta doğum tarixinin tam verilməsi nəticəsində sosial şəbəkə istifadəçiləri kibercinayətkarların potensial qurbanına çevrilə bilər.
-
Sosial platformalar fiziki sağlamlığa zərər verir.
Smartfonlar yaxud kompüterlər qarşısında çox vaxt keçirmək gənclərin bir sıra fiziki sağlamlıq problemləri ilə üzləşməyinə səbəb olur. Bu problemlərə misal olaraq görmə qabiliyyətinin zəifləməsi, uzun müddət hərəkətsiz qalmaq nəticəsində çəki artımının baş verməsi, onurğa sütunu əyriliyi və s. göstərmək olar.
-
Sosial media insanlarda empatiya hissinin zəifləməsinə gətirib çıxarır.
Bəzən gündəlik həyatımızda insanların hansısa bir çətinliklə üzləşdiyinin, yaxud təhlükədə olduğunun şahidi oluruq. Lakin, empatiya hissini işə salıb kömək etmək, yardımlaşmaq əvəzinə bir çox insan izləyici qalmağı seçir; daha dəqiq desək, yardım əlini uzatmaq əvəzinə sosial media hesabında paylaşmaq üçün video, görüntü çəkməklə məşğul olur. Çox acınacaqlı haldır, elə deyil mi?
Elə isə sadaladığımız halların qarşısının alınması üçün hər bir gənci sosial şəbəkələrin düzgün və məqsədyönlü istifadəsinə müvəffəq olmağa dəvət edirik.
Sosial şəbəkələrin gənclərə mənfi təsirləri haqqında fikirlərinizi siz də rəy bölməsində bizimlə bölüşə bilərsiniz.
Mənbə: www.techprevue.com
Sosial şəbəkələrin gənclərin həyatına müsbət təsirləri haqqında yazımıza buradan keçid edə bilərsiniz.