Markzone.az araşdırma komandası yeni rubrikaya başlayır. Artıq “100 nəfərdən soruşduq” başlığı altında kiçik bir bazar araşdırması ediləcək. Burada əsas mövzu spesifik brendlər və ya mövzular seçilir və o brendlərə, mövzulara uyğun kiçik ölçülü bir bazar araşdırması edilir. Seçilən brendin 100 nəfərə görə üstünlük edilmə faizi, istifadə etmələrinə səbəb olan və o brendi yansıdan əsas kriteriyalar müəyyən edilir. Araşdırmanın konsepti bu çərçivədə irəliləməkdədir.
Rubrikanın ilk araşdırması
Bu rubrikanın ilk araşdırmasında mövzu “Web-brauzer keyfiyyət dəyərləndirməsi” oldu. Burada əsas məqsədimiz müəyyən edilən 100 nəfərlik kütlədən istifadə etdikləri web-brauzerləri dəyərləndirməkdir. Araşdırmanın ilk mərhələsində 100 nəfərdən brazuerdən istifadə edərkən hansı kriteriyalara üstünlük verirlər və ya hansı kriteriyalar onların o brauzeri seçmələrinə səbəb olub, bunları müəyyən etmək idi. İlk sorğudan sonra 4 əsas kriteriya ortaya çıxdı. İnsanlar brazuer seçərkən və istifadə edərkən aşağıdakı 4 əsas kriteriyalara görə seçim edirlər:
- Sürətli olması
- Dilinin sadə olması
- Dizaynın rahat olması
- Funksional olması
Yuxarıda qeyd olunan kriteriyalar müəyyən edildikdən sonra araşdırmanın ikinci mərhələsinə keçid etdik. Burada bir daha həmin100 nəfərlik kütləyə yönəldik. Bu dəfəki tələbimiz müəyyən edilən kriteriyalara görə istifadə etdikləri brauzerlərin müəyyən şkalaya əsasən dəyərləndirməsinin edilməsi oldu. Bu dəyərləndirmə sonrasında əldə olunan nəticələrə əsasən, qavrayış xəritələri ortaya çıxarıldı.
1-ci qavrayış xəritəsindən görürük ki, dizaynın rahat olması və funksionallıq kriteriyaları əsas alındıqda ən yüksək nəticəni Chrome və Opera almışdır. Yəni bu kriteriyalarda ən yaxşı xidmət göstərən brauzerlər bunlardır və bir-birilərinə yaxın olması da onların rəqib olduğu mənasına gəlir. Gördüyümüz kimi, 2-ci yaxınlıq Yandex və Safari arasındadır. Onlar da yaxın nəticələr əldə ediblər. Ümumi olaraq digər 2 brauzerin altında olsalar da, öz səviyyələrində rəqib sayılırlar.
2-ci qavrayış xəritəsinə baxaq. Burada sürətli olması və dilinin sadə olması kriteriyaları əsas alınıb. Gördüyümüz kimi, bir-birilərinə yaxın olan və hər iki kriteriyaya görə yüksək nəticə alan Chrome və Safaridir. Bu kriteriyalara əsasən də qeyd etmək olar ki, onlar arasındakı rəqabət daha qızğındır. Ancaq burada maraqlı bir nüans vardır ki, Opera dilinin sadə olmasına görə bütün brauzerləri üstələməkdədir. Bunlar arasında ən aşağı nəticəni isə Yandex almışdır. Hər iki qavrayış xəritəsinə görə və 4 kriteriyanı əsas aldıqda ən yüksək nəticə Chrome brauzeri əldə etmişdir.
Son olaraq müəyyən edilmiş 100 nəfərlik kütləyə əsasən istifadə etdikləri brauzerlərin paylarını sizinlə paylaşmaq istərdik.
Bu qrafikdən də gördüyümüz kimi, 100 nəfərlik araşdırma heyətinin 87-si Google Chrome brauzerindən istifadə edir. Ardınca Opera (6), Safari (5) və Yandex (2) gəlməkdədir.
“100 nəfərdən soruşduq” rubrikasının ilk araşdırmasını sizlərə təqdim etdik. Bu araşdırma Markzone.az Araşdırma komandası tərəfindən edilib.